...

Prezident İlham Əliyevlə Prezident Aleksandr Vuçiç arasında mükəmməl münasibətlər əməkdaşlığı strateji səviyyəyə qaldırır - Dubravka Cedoviç (Müsahibə)

Siyasət Materials 4 Fevral 2023 08:55 (UTC +04:00)
Prezident İlham Əliyevlə Prezident Aleksandr Vuçiç arasında mükəmməl münasibətlər əməkdaşlığı strateji səviyyəyə qaldırır - Dubravka Cedoviç (Müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq, ilk növbədə, Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç arasında mükəmməl münasibətlər sayəsində getdikcə daha strateji xarakter alır.

Bu barədə Serbiyanın energetika naziri Dubravka Cedoviç Trend-ə eksklüziv müsahibəsində deyib.

“Bu cür əlaqələrin daha bir mühüm təzahürü enerji sahəsində əməkdaşlıqda irəliləyişdir”, - deyə nazir bildirib.

Cedoviç əlavə edib ki, Serbiya qaz sahəsində əməkdaşlığa dair intensiv danışıqlar aparmaqla yanaşı, Azərbaycandan əlavə həcmdə elektrik enerjisi almaqda da maraqlı olduğunu bildirib.

"Macarıstan və Rumıniya kimi Serbiyanın qonşu ölkələrindən elektrik enerjisi idxalı planları da enerji sektorunda ötürücü şəbəkənin və regional əməkdaşlığın inkişafı planlarımıza əlavə təkan verir", - deyə nazir bildirib.

Cedoviç gözləyir ki, tərəflər Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisi başa çatdıqdan sonra Azərbaycandan Serbiyaya tədarük edilə biləcək qazın həcmi və Serbiya Prezidentinin Azərbaycana səfəri zamanı qaldırılan digər mövzular ətrafında müzakirələri davam etdirəcəklər.

Nazirin sözlərinə görə, Serbiya tələbatın üçdə birini Azərbaycan qazı hesabına ödəyəcək.

"Serbiya təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi üçün intensiv səylər göstərir ki, bu da bizim enerji təhlükəsizliyimizi, müstəqilliyimizi təmin etmək və böyük həcmdə qaz idxal edə bilmək üçün şərtdir. Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisi başa çatdıqdan sonra, Serbiyanın qaza olan tələbatının təxminən üçdə biri Azərbaycandan qaz tədarükü hesabına ödənilə bilər”, - o əlavə edib.

Cedoviç qeyd edib ki, Serbiya-Bolqarıstan qaz kəməri ilə bağlı işlərə 2022-ci ilin fevralında başlanılıb və bu işlərin başa çatdırılması bu ilin sonuna planlaşdırılır.

“1,8 milyard kubmetr qaz tutumu olan bu interkonnektorla Serbiya Yunanıstana çatan qaz mənbələrinə, o cümlədən Xəzər regionundakı qaz yataqlarına və Aleksandropulosdakı LNG terminalına qoşulacaq”, - nazir izah edib.

Onun sözlərinə görə, Serbiya Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilə bilər.

O qeyd edib ki, Azərbaycan qazı artıq Avropada qaz təchizatı mənbələrinin şaxələndirilməsi həllinin bir hissəsi kimi tanınır, lakin bu, Serbiya və bütün regiona da aiddir.

"Təchizatçıların diversifikasiyası, ilk növbədə, Serbiyanın enerji təhlükəsizliyinə nail olmaq üçün vacibdir”, - deyə Cedoviç əlavə edib.

Bundan əlavə, onun sözlərinə görə, Serbiya Azərbaycanla bərpa olunan enerji layihələrini müzakirə etmək niyyətindədir.

Dubravka Cedoviç qeyd edib ki, Serbiya hazırda enerji balansında bərpa olunan enerjinin payı və yaxın onilliklərdə zərərli qaz emissiyalarının azaldılması ilə bağlı məqsədləri müəyyən etməli olan strateji sənədlərin hazırlanması üzərində işləyir.

“Biz həmçinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı imkanlarının artırılması, eləcə də onların enerji sisteminə davamlı inteqrasiyasını təmin etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi üzərində intensiv işləyirik”, - nazir izah edib.

Cedoviç qeyd edib ki, Serbiya və Azərbaycan artıq iki ölkənin hökumətləri arasında enerji və mədənçıxarma sahəsində əməkdaşlıq haqqında Saziş imzaladıqları üçün ölkə bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarının və potensial layihələrin müzakirəsini gözləyir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti