...

Azərbaycanda siyasi dialoq mühiti daha da dərinləşir - Afət Həsənova

Siyasət Materials 28 Mart 2023 09:56 (UTC +04:00)
Azərbaycanda siyasi dialoq mühiti daha da dərinləşir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bütün sahələrdə olduğu kimi siyasi sahədə də islahatlar həyata keçirilir, yeni siyasi ənənələr yaranır, hökumətlə müxalifət arasında siyasi dialoq mühiti daha da dərinləşir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, ötən iki il ərzində “siyasi dialoq” məfhumunun aktuallaşdırılması istiqamətində mühüm işlər görülüb.

“Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi. Ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb.

“Ölkəmizdə siyasi mühitin daha da yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi oldu. Yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Qanunun hazırlanmasında siyasi partiyaların da təklif və rəyləri nəzərə alınıb.

Belə ki, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Göründüyü kimi yeni qanun layihəsinin hazırlanması prosesində siyasi münasibətlərin bütün iştirakçı tərəflərin cəlb edilməsi iqtidarın siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür ”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, ölkədə aparılan bu siyasi islahatlar ölkədaxili siyasi münasibətlərə müsbət təsir etməklə yanaşı cəmiyyətimizdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb, eyni zamanda siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakına şərait yaradıb.

“Lakin əfsuslar olsun ki, bəzi siaysi partiyalar özlərini bu prosesdən kənarda tutublar. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti