...

İrəvan Moskvanı ələ salır?

Siyasət Analytics 30 Mart 2023 20:57 (UTC +04:00)
İrəvan Moskvanı ələ salır?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan qatıldığı "Demokratiya Sammiti"nin yekun bəyannaməsini şərtlə imzalayaraq Rusiyanı dəstəklədiyini düşünür. Halbuki, rəsmi İrəvanın bu addımı Moskvanı ələ salmaq sayıla bilər.

ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən 2-ci "Demokratiya Sammiti"nin (Summit for Democracy) yekun bəyannaməsini Ermənistanın hakimiyyəti şərtlə olsa da, imzalayıb. Sənəddə Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı bəndi qəbul etməyən rəsmi İrəvan bu minvalla bəyannamə ilə razılaşmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyası bu qərarını "sənəddə Ermənistan-Azərbaycan münaqişəsi barədə heç nə deyilmədiyindən bəyannaməni xüsusi şərtlə imzaladıq" kimi izah etməyə çalışıb.

"Demokratiya Sammiti"nə qatılmış 120 ölkədən yalnız 73-ü yekun bəyannaməni imzalayıb.

Ermənistanla yanaşı, məsələn, Hindistan və Meksika da sənəddən imtina edib.

Birləşmiş Ştatların bu sammiti keçirməkdə məqsədi rəsmi olaraq "dünya miqyasında demokratik dəyərlərin təminatı və xüsusilə də müxtəlif ölkələrdə demokratiya ilə bağlı vəziyyətin monitorinqi" olsa da, onlayn-sammitin əsas hədəfinin Rusiya olduğu aydın idi.

Ermənistanın baş naziri Nikol Paşinyanın bunu əvvəlcədən bilərək sammitə qatılmasının özü Moskvaya ünvanlanmış demarşdır.

Erməni siyasətçilər və diplomatlar "Demokratiya Sammiti"nə qatılmaqla ciddi diplomatik uğur əldə etdiklərini vurğulasalar da, yekun nəticə tam əksinə olub.

Azərbaycana qarşı absurd iddialarının və xüsusilə də Laçın-Gorus yolunda azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdikləri aksiyanı "blokada" qismində "Qərb tərəfindən dəstəklənməsinə" can atan İrəvanın illüziyalarının müəllifi Nikol Paşinyan idi.

O, sammit iştirakçılarına müraciətdə ölkəmizə ünvanlamış əsassız və paranoidal ittihamları səsləndirməklə minimal səviyədə olsa da, dəstək ala biləcəyinə ümid edirdi.

Sammit ərəfəsində İrəvanla Paris arasında aparılmış məsləhətləşmələr, hətta Ermənistanın baş nazirinin müraciətinin ilkin mətninin az qala Yelisey Sarayı ilə razılaşdırılması erməniləri ruhlandırmışdı.

Fransa mediasında yer alan xəbərlərə görə, "Demokratiya Sammiti"ndə hətta Emmanauel Makronun çıxışında Ermənistanın tələblərinin bir qisminin refren təki səslənəcəyi də istisna olunmurdu.

Ermənilər həmişə olduqları kimi, bel bağlayıb hami saydıqları tərəfin vədlərinin puç olduğunu anlasalar da, postfaktum dərketmə prosesi İrəvanı atdığı addımların ciddi fəsadlarından qoruya bilməyəcək.

Sammitə qatılmaqla Rusiyanı sinirləndirən, yekun bəyannaməni əlahiddə şərtlə imzalayacağını bildirməklə ABŞ və Avropa İttifaqını qıcıqlandıran Ermənistan rəhbərliyi məqsədlərinə çatmamaqla yanaşı, yeni probemlər qazanıb.

Paşinyan administrasiyasının mənsublarının Rusiyanın cəzasından çəkinərək bəraət qazanmaq məqsədilə verdiyi açıqlamalarsa Ermənistanın xarici siyasət trekindəki vəziyyətini daha da ağırlaşdıracaq.

"Azərbaycanla bağlı açıqlamalarımızın və tələblərimizin yer almadığına görə şərtimizi irəli sürdük" bəyanatı Ermənistan XİN rəhbərliyinin diplomatik bisavadlığı ilə bahəm, düşüncə primitivliyini bariz şəkildə göstərir.

Belə çıxır ki, əgər yekun bəyannamədə ermənilərin "Azərbaycan ərazilərimizin bir qismini işğal edib, Laçın yolunu blokadaya alıb" kimi sərsəm iddiası yer alsaydı, rəsmi İrəvan Rusiyanı Ukraynadakı hərbi əməliyyatlara görə qətiyyətlə qınayacaqdı.

Ermənistan rəhbərliyi belə siyasi idiotizmi "komplimentar və tarazlaşdırılmış xarici siyasət" adlandıraraq illüziyalara qapıla bilər. Reallıq isə ermənilər üçün çox acıdır: sammitə qatılıb bəyannamənin imzalanması əsnasında əlavə şərtlər irəli sürməklə ABŞ və Avropa İttifaqını qıcıqlandıran İrəvan sənədin mahiyyəti ilə razılaşmaqla Rusiya Federasiyasını qəzəbləndirib.

Ermənilərin demarşı daim dəstək, güzəştli qiymətlərlə enerji daşıyıcılarından tutmuş, silah və hərbi texnikaya qədər ən geniş çeşiddə idxal imtiyazları istədiyi Rusiyaya qarşı yönəlmiş növbəti addımdır.

Əslində, Ermənistan rəhbərliyinin xarici siyasət, xüsusilə də dəstək və PR sahəsindəki son davranışları tragikomediya təsiri bağışlayır.

Məsələn, Fransadakı erməni icmasının siyasi və diaspor qurumları rəsmi İrəvanla birlikdə gündəmə "Parisin İrəvana tam dəstəyi" narrativini gətirmək istəyirlər. Bu məqsədlə İrəvandan Parisə ən müxtəlif vəzifəli və çaplı siyasətçilərlə məmurlar yolanır, əks istiqamətdə də təxminən eyni "kalibr"də səfərlər təşkil olunur.

Fransanın Lverni-Rona-Alp bölgəsinin regional şurasının sədri Loran Vokye də bəhs etdiyimiz sxem çərçivəsində İrəvana yollanıb. O, dünən Ermənistanın infrastruktur və ərazi-idarəetmə nazirinin müavini Vaçe Terteryanla Sünik vilayətinin qubernatoru Robert Qukasyanın müşayiəti ilə Azərbaycanla şərti dövlət sərhədinə yollanıb. Laçın yolunun başlanğıcında duraraq erməni jurnalistlərin suallarını cavablayan Loran Vokye ona İrəvanda verilmiş tezisi səsləndirərkən deyib: "Buraya gəlməkdə məqsədimiz Dağlıq Qarabağda 150 min erməninin dünya ilə əlaqələrinin kəsildiyni, ərzaq və dərman qıtlığı ilə üzləşdiklərini, fəlakət yaşadıqlarını dünyaya xatırlatmaqdır. Fransa Ermənistan və qarabağlı ermənilərlə bir yerdədir".

Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan, sayları 28 min nəfərdən artıq olmayan ermənilərin sayının rəsmi İrəvanla erməni diaspor təşkilatlarının, habelə, ermənilərin maliyyələşdirdikləri əcnəbi siyasətçilərin təqdimatında əvvəl "40 min nəfər", sonra "120 min nəfər"ə çatdırılması yenilik deyil.

Ancaq "Dağlıq Qarabağ" kimi yanlış aberrasiya ilə təqdim edilən məkanda "150 min erməni"nin mövcudluğu yenilikdir. Yeni olmayan Ermənistanın xarici siyasətindəki sistemsizlik, məntiqsizlikdir.

Qısa desək, əsl erməni marazmı...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti