...

Beynəlxalq idman təşkilatları Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq etməlidir - Qərb ekspertləri

Siyasət Materials 15 Aprel 2023 12:49 (UTC +04:00)
Beynəlxalq idman təşkilatları Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq etməlidir - Qərb ekspertləri

Bakı. Trend:

Ermənistan öz destruktiv hərəkətləri ilə Azərbaycanla sülh sazişi bağlamaqda maraqlı olmadığını və düşmənçilik səhifəsini çevirmək istəmədiyini nümayiş etdirir. Ermənistan tərəfin son təxribat əməlləri bunun əyani sübutudur. Ermənilərin Azərbaycanın hərbi qulluqçusu ilə amansız rəftarı dünya birliyini sarsıtdı.

Belə ki, Azərbaycan ordusunun hərbi qulluqçuları 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd olan Şahbuz rayonunda əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüşdülər. Bir müddət sonra erməni mediasında Ermənistanda Axundov Hüseyn Əhliman oğluna qarşı işgəncə verildiyini əks etdirən foto və videokadrlar ortaya çıxdı.

Dünya birliyi Ermənistanın barbar davranışlarına kəskin reaksiya verərək təqsirkarları məsuliyyətə cəlb etməyə səslədi.

Bununla belə, Ermənistan tərəfi bütün beynəlxalq normaları kobud şəkildə pozan təxribatçı əməllərini dayandırmır. Dünən İrəvanda keçirilən və azərbaycanlı idmançıların da iştirak etdiyi ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində erməni nümayişkaranə şəkildə Azərbaycan bayrağını yandırdı ki, bu da barbarlıq aktı olmaqla ksenofobiya və Azərbaycanafobiyanın bariz nümunəsidir.

Amerikalı jurnalist, Avropa və ABŞ-nin geosiyasət tədqiqatçısı Piter Teysin bu gün Trend-ə bildirib ki, İrəvanda Avropa Çempionatının açılış mərasimində Azərbaycanın Dövlət bayrağının yandırılması orta əsrlərə xas olan şovinizm aktıdır.

"Beynəlxalq idman təşkilatları Ermənistan hakimiyyətinə qarşı sanksiya irəli sürməli və İrəvanı gələcək qlobal idman tədbirlərinin keçirilməsi üçün yer olaraq nəzərdə tutmamalıdırlar. Hətta on əsrlər bundan qabaq Bizans imperiyasında ermənilərin faşist rəftarına tay olacaq bu cür dəhşətli və qorxunc hərəkətlər yox idi", - o deyib.

Həmçinin ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi ilə amansız rəftarı şərh edən Teys 21-ci əsrdə insan hüquqları üzrə Cenevrə Konvensiyası və Avropa Qətnaməsinin normalarının İrəvandakı qaniçən rejim tərəfindən kobud şəkildə pozulduğunu qeyd edib.

Amerikalı ekspert daima Ermənistana qeyri-məhdud fəaliyyət azadlığı verən və İrəvandakı terrorçu rejimə maliyyə resursları ayırmağa davam edən Fransa və digər ölkələrin qərəzli mövqeyini qınayıb.

"Əsirlikdə olan Azərbaycan əsgərinə qarşı Paşinyanın əlaltıları tərəfindən törədilən işgəncələr barbarlıq aktıdır və bizi Balkan müharibələrinə geri aparır, o zaman da erməni inqilabçıları və əsgərləri Bolqarıstan xalqına və Avropanın digər xalqlarına qarşı saysız-hesabsız cinayətlər törədiblər. Avropa İttifaqı və NATO dərhal İrəvanla bütün diplomatik dialoqlarını Paşinyan Azərbaycanla sülh dialoquna dair konkret nəticələr təqdim edənədək qeyri-müəyyən müddətə dayandırmalıdır. Sivil dünya üçün İrəvanın cinayətlərinə şahid olub susmaq cinayətin özü qədər dəhşətlidir", - o deyib.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə bildirib ki, bu, qorxunc hadisədir.

"Ümid edirəm bu qorxunc hadisələr təkrarlanmayacaq", - o deyib.

Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Beynəlxalq birlik və beynəlxalq idman təşkilatları bu barbarlıq əməlini qəti şəkildə pisləməli, Avropa Ağır Atletika Federasiyası isə Ermənistan əleyhinə sanksiyalar irəli sürməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti