Bakı. Trend:
Azərbaycan regionda sülhün təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində önəmli təşəbbüslərlə çıxış edir. Beynəlxalq birlik də bu təşəbbüsləri dəstəkləyir. Əslində, 10 noyabr birgə bəyanatının imzalanmasından sonra problemin köklü həllinə tezliklə nail olunacağına ümidlər çox olsa da, Paşinyanın ikili oyunları sülhün əldə edilməsinə mane olur. Çünki erməni tərəfi 10 noyabr razılaşmasının bir sıra bəndlərini hələ də yerinə yetirməyib. Buraya qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan tam çıxarılması, regionda bütün kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etmək daxildir. Rəsmi İrəvan hələ də bu yöndə öhdəliklərini yerinə yetirməyib”.
Bunu Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi
ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev,
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş
naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş bir daha
rəsmi Bakının iradəsini ortaya qoydu: “Ermənistan Brüsseldə bu
formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda
Paşinyan yenə də bu formatda iştiraka öz razılıq verməyə məcbur
oldu. Paşinyan israrlı şəkildə bu formatda iştirak etməyəcəyini
desə də Brüsselə gəlməli oldu. Göründüyü kimi, Fransa rəsmiləri
görüşdə iştirak etmir. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını
sübut edən danılmaz faktdır”.
Qurum rəsmisi bildirib ki, N.Paşinyan hər dəfə hərbi təxribat və
insidentlərə əl atmaqla əslində sülhün imzalanmasına maraqlı
olmadığını göstərir: “Yəni Paşinyanın rəhbərliyi altında Ermənistan
hökumətinin atdığı addımlar sülhü istəmədiyini, lakin bəyanatda isə
sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu göstərir. Belə
olan halda aparılan təhlillərdən aydın olur ki, bəlkə, heç Paşinyan
özü nə istədiyini bilmir. Məncə, bilir və onun əsas niyyəti budur
ki, hakimiyyətini qoruyub-saxlasın. Bunun üçün isə ona manevr etmək
lazımdır və hazırda Paşinyan məhz bununla məşğuldur.
Kreml Paşinyandan inciyir, Ağ Ev isə onu öz tərəfinə çəkmək
arzusundadır. Hər iki tərəf həm vəd verir, həm də hədələyir.
Ermənistan da həmişə olduğu kimi bazar daxılında satılmalı olan
keyfiyyətsiz mal kimi qalıb ortada – bilmir özünü kimə və neçəyə
sırısın. Sürətlə dəyişən geosiyasi dinamikanın küləkləri Ermənistan
adlı dövləti quyunun dibinə sala bilər”.
Ekspert bildirib ki, Paşinyan unutmamalıdır ki, torpaqlarımızın 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan problemin sülh yolu ilə tənzimlənməsi üçün bütün mümkün cəhdləri etdi: “İşğala məruz qalan tərəf olmasına baxmayaraq, ölkəmiz bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Amma Ermənistanın qeyri-adekvat davranışları Azərbaycan dövlətinə əks-həmlə əməliyyatlarından başqa yol buraxmadı. 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atan N.Paşinyan bu gün sülhün təmin olunmasına qarşı çıxmaqla heç nəyə nail olmayacaq. Hazırda Ermənistanın baş naziri beynəlxalq vasitəçilər- Avropa İttifaqı, Rusiya və ABŞ arasında “manevrlər” etməyə çalışır və düşünür ki, bu addımlarla sülh prosesini uzadaraq ölkəsinin xeyrinə nəyisə dəyişdirə biləcək. Amma Paşinyan unudur ki, onun limiti də, bu kimi uğursuz cəhdləri də tükənmək üzrədir. Nəticədə uduzan yenə də Ermənistan olacaq”.