...

Təlxəklə ölü xəyanətkara qarşı: bu dəfə erməni "ordu"su oyuncağa dönür

Siyasət Analytics 7 İyun 2023 14:06 (UTC +04:00)
Təlxəklə ölü xəyanətkara qarşı: bu dəfə erməni "ordu"su oyuncağa dönür
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ermənistanda revanşizm az qala günbəgün güclənir, Azərbaycana qarşı yeni müharibəyə çağırışların sayı artır. Siyasi proseslərə artıq Ermənistan ordusunun qalıqları da müdaxilə etməyə dəvət edilir.

Ermənistanın sabiq baş naziri Vazgen Manukyan ölkənin güc strukturlarını baş nazir Nikol Paşinyana qarşı qiyama çağırıb. O, Erməniçtan Silahlı Qüvvələrinin hərbçilərini "cinayətkar və xəyanətkar addımların atılmasına etirazlara dəvət edib.

"Qarabağı Azərbaycana təhvil verəndən sonra erməni xalqının sakit yaşaya biləcəyini düşünmək axmaqlıqdır. Belə narrativ xalqımız üçün mənəviyyatsızlıq və aşağılanmadır. Qarabağın təhvil verilməsi, Vətənin bir hissəsindən imtina bizə əbədi damğa olacaq", V.Manukyan deyib.

V.Manukyan Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasını yolverilməz, baş nazir Nikol Paşinyanınsa "Qarabağ Azərbaycan ərazisidir" açıqlamasını xəyanətkarlıq hesab etdiyini vurğulayıb.

Onun sözlərinə görə, "xəyanət ssenarisi"nin baş tutmasının qarşısını almaq üçün hərbçilər və güc strukturlarının əməkdaşları "ölkəni müdafiə etməlidir": "Hərbçilərə və güc strukturlarına xüsusi müraciət edirəm. Siz Nikol Paşinyanı yox, Vətəni, dövləti, Konstitusiyanı və qanunları qorumağa and içibsiniz. Nikol Paşinyanın etdikləri və etmək istədikləri ilk əvvəl Konstitusiyamıza və qanunlarımıza ziddir. Deməli, Nikol Paşinyanın özü artıq qeyri-legitimdir".

“Əslində xarici qüvvələrin bağıraraq bizə təlqin etməyə çalışdıqları sülh sazişi erməni xalqına ən ağrılı və dağıdıcı zərbə olacaq. Bu saziş imzalanandan sonra xalqımız yaxşı yaşamayacaq, minillər boyu simamızdan silinməyəcək damğa alacağıq. Özümüzə hörmət etməyəcəyik, gələcək nəsillər üzümüzə tüpürəcək. Özümüzü və ermənilərin gələcək nəsillərini bədbəxt edir, milli xəyanət edir, əvəzində isə sülh yox, savaş alırıq”, - V.Manukyanın bəyanatında deyilir.

Vazgen Manukyan hesab edir ki, indiki vəziyyətdə hərbçilər və güc strukturlarının mənsubları əlahidə rol oynayırlar: “Nikol Paşinyan bəyanatları, əməlləri, bir qədər sonra imzası ilə dövlət cinayətkarıdır. Dövlət cinayətkarını müdafiə etməklə hərbçilər də andlarını pozur, dövlət cinayətinə yol verirlər. Güc strukturlarını ölkədə baş verənləri diqqətlə izləməyə, dövlət cinayətlərinin qarşısını vaxtında almağa və millətə, dövlətə qarşı törədilməkdə olan cinayətə qarşı çıxan erməni xalqının böyük hissəsinə qatılaraq milli fəlakətlə rüsvayçılığa yol verməməyə çağırıram».

2020-ci ilin noyabrın 10-da, 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı və İrəvan kapitulyasiyaya uğradığını etiraf etdi. Sənədin imzalanmasından az sonra Vazgen Manukyan erməniləri küçələrə çıxmağa, kütləvi etiraz aksiyaları keçirməyə çağırmışdı.

Ermənistan müxalifəti, həmçinin sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyan da yaranmış situasiyanın N.Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün yaxşı fürsət olduğunu hesab edərək "siyasi ölü" V.Manukyanı "müxalifətin və Paşinyana qarşı müqavimət hərəkatının lideri" elan etmişdilər.

Köçəryan-Sarqsyan tandemi bu minvalla Manukyandan faydalanaraq kütləvi aksiyalara nail olmaq, sonra siyasi və sosial xaosdan faydalanaraq hakimiyyəti ələ keçirməyi planlaşdırmışdılar.

Gerçəkliklə planlar arasında isə fərq həmişəki kimi çox böyük oldu, uçurum yarandı. Ermənilər sabiqlərin çağırışlarına inanmadılar, Manukyanın yeni millət xilaskarına çevrilə biləcəyinə dərin şübhələrini açıq dedilər. Nəticədə xaricdən idarə edilən və maliyyələşən Vazgen Manukyan elə onun kimi xaricdən idarə olunan və maliyyələşən Nikol Paşinyana uduzdu.

İki marionet arasındakı mübarizə Darvinin təkamül qanununa tam uyğun şəkildə başa çatdı, daha hiyləgər, amansız, sürətli və qəddar tərəf qalib gəldi.

Manukyan həminr məğlubiyyətdən sonra ümumiyyətlə susmuş, kölgəyə çəkilmiş adam oldu və ümumiyyətlə, hakimiyyətlə bağlı ambisiyalardan az qala tam əl çəkdiyini rəsmi bəyan edəcəkdi.

Amma bu zavallı özbaşına deyil: bütün marionetlərin taleyini təkrarlayan Vazgen Manukyanı yenidən danışmağa, bu siyasi ölünü xortlamağa vadar etdilər.

Ölünü hərəkət etməyə və danışmağa vadar edən nekromantlar nədənsə unutdular ki, cansızlar məkanınlan canlılar aləminə qaytarılmış cəsəd hərəkət edər, danışar, amma düşünə bilməz.

Bəlkə də bu səbəbdən Nikol Paşinyanı devirmək cəhdi adı altında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməməyə çalışan güclər paralel oyuna başlayaraq Rusiyadan Xankəndinə ezam edilmiş Ruben Vardanyana fəallaşmaq göstərişi veriblər.

Erməni marionet teatrının daha bir fiquru olaraq siyasətdə tam diletantlıqdan qurtula bilməyən, nevroz, daimi təqib kompleksi və natamamlıq sindromunun daşıyıcısı olan bu binəva da Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış bəyanatla çıxış edib.

Rusiyanın sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməniləri öz tərəfinə çəkərək sosial baza və protest elektoratı yaratmağı düşünən, bu məqsədlə ictimai-siyasi hərəkat qurduğunu da elan edən R.Vardanyan indi Xankəndindəki separatçı rejimin rəhbərliyinə təzyiq göstərməyə də çalışır.

O, əsas vəzifəsi qismində Ermənistana yollanaraq hakimiyyəti ələ keçirmək, baş nazir postuna yiyələnməyi görür.

Qarabağın əzəli Azərbaycan ərazisi olmasının Nikol Paşinyan tərəfindən etirafını erməni xalqına və dövlətinə xəyanət adlandıran Ruben Vardanyanın sözlərinə görə, Ermənistanın hakimiyyət dairələri qarabağlı ermənilərin taleyi ilə bağlı məsələlərdə qərar verərək sənəd imzalamaq hüququna malik deyillər.

Bu səbəbdən də o, qarabağlı ermənilərlə yanaşı, Ermənistan vətəndaşlarını Paşinyan hakimiyyətinə qarşı mübarizəyə çağırıb, müxtəlif ölkələrdəki erməni diasporunu da bu mübarizəyə dəstək verməyə səsləyib.

İrəvanda Vazgen Manukyan, Xankəndində Ruben Vardanyan indi Nikol Paşinyana qarşı duet formatında çıxış edərək onu hakimiyyətdən kənarlaşdırmaq istəyirlər. Halbuki Paşinyandan sonra kim olacaq məsələsi ilə bağlı iki marionet arasında ilkin də olsa, razılaşma yoxdur: onların hər ikisi baş nazir olmağa, hakimiyyəti əlində cəmləşdirməyə hazırlaşdıqlarını gizlətmirlər.

Bütün bunlarsa növbəti illüziyalardır, çünki haqlarında bəhs etdiyimiz marionetlərin Ermənistandakı mövcud iqtidara ciddi təsir etmək və illah da ki, Paşinyanla komandasını devirməyə imkanları, potensialları, gücləri və ən əsası - ermənilər tərəfindən əhəmiyyətli dəstəyi yoxdur.

Yad ssenarilərlə hərəkət edərək təlimatlar əsasında davranan və aldıqları göstərişlər çərçivəsindən kənara çıxmayan zavallılar reallıqları dürüst dəyərləndirə bilmədiklərindən ermənilərə sırınmış növbəti projektin tərkib hissələridir.

Tərkibin hissəsi heç vaxt tamı əvəzləyə bilmədiyi kimi, Manukyanla Vardanyannın da nəyəsə nail olmaları mümkünsüzdür.

Siyasi təlxək Ruben Vardanyanla siyasi ölü Vazgen Manukyanın xəyanətkar saydıqları Nikol Paşinyanla qarşıdurmalarının növbəti mərhələsində nələrin baş verəcəyi yəqin popkornla izləməli olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti