...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Baş Katibi ilə ali səviyyəli toplantısı keçirilib (FOTO)

Siyasət Materials 14 İyun 2023 17:49 (UTC +04:00)

Bakı. Trend:

Nyu York şəhərində BMT-nin Baş Katibi cənab Antonio Quterreş və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusuna həsr olunmuş iki günlük ali səviyyəli toplantı keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, toplantı çərçivəsində Mərkəzin üzvləri BMT təşkilatlarının əsas rəhbərləri ilə də görüşlər keçirib.

BMT hələ də əvəzolunmaz, beynəlxalq hüququn və nizamın əsas sütunu kimi yeganə ən önəmli təşkilatdır ki, biz mövcud qlobal çağırışlara cavab vermək üçün onu gücləndirməliyik.

Baş katib cənab Quterreş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və üzvlərini davamlı sülhün və təhlükəsizliyin qurulması istiqamətində BMT və BMT Baş Katibinin fəaliyyətini dəstəkləməsini yüksək qiymətləndirərək, reallaşdırdığı layihələri vurğulayıb.

Toplantıda müzakirə olunan mövzular sırasında multilateralizmin gücləndirilməsi, Süni İntellektin tənzimlənməsi ilə bağlı fəaliyyətlər, Ukrayna müharibəsi, Qərbi Balkan və Qafqaz regionları, Qarabağda yenidən qurma layihələri, beynəlxalq sülh və təhlükəsizlik, Dayanıqlı İnkişaf Məqsədlərinin tədbiq edilməsi yer alıb.

Toplantıda əsas mövzularla yanaşı, Mərkəz və BMT arasındakı birgə faəliyyətin genişləndirilməsi, gələcək layihə və tədbirlər də müzakirə olunub. O cümlədən, Mərkəzin hər il həyata keçirdiyi Qlobal Bakı Forumunun BMT-nin və qlobal gündəliyinin və BMT Baş Katibinin ən böyük dəstəkçilərindən biri olacağı ilə bağlı danışıqlar aparılıb.

Toplantıda Mərkəzin həmsədri İsmayıl Seragəldin, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, İsrailin sabiq Xarici İşlər Naziri Tzipi Livni, Avstriyanın sabiq kansleri Verner Fayman, Çex Respublikasının sabiq baş naziri yan Fişer, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya Monteneqronun sabiq baş naziri İqor Luksiç, EksonMobil Şirkətinin sabiq vitse-prezidenti, İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayder, Maltanın sabiq baş naziri Cozef Muskat, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Nizami Gəncəvi BM-nin Baş Katibi Rövşən Muradov iştirak edib.

Məlumat üçün bildirək ki, Mərkəzin üzvləri BMT Baş Assambleyasının cari prezidenti Ksaba Körösi və 78-ci prezidenti Dennis Fransis, BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, BMT İnkişaf Proqramının Administratoru Açim Steyner və BMT-nin Qadınlar təşkilatının baş direktoru Sima Sami İskəndər ilə də müzakirələr keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti