...

"Media və dini təhlükəsizlik": Maarifləndirmə ən mühüm amil kimi

Siyasət Materials 3 İyul 2023 14:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün qloballaşmanın, inteqrasiyanın geniş vüsət aldığı, eyni zamanda ciddi miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid yaradan geosiyasi proseslərin dinamik inkişafı fonunda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşmağa başlayır. Təəssüf ki, dəyişən dünyamızda atılan bütün addımlar bəşəriyyətin və cəmiyyətlərin qorunması istiqamətində olsa da, dini ekstremizm, eləcə də terrorizm təhlükəsi səngimir.

O da sirr deyil ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Digər tərəfdən, din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən bir vasitəyə çevrilməkdədir. Bu mənada, dini təhlükəsizliyə milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən əsas istiqamətlərindən biri kimi baxmaq lazımdır. Lakin hər şeydən öncə dinin mahiyyətini dərk etmək lazımdır.

Dinin əsas məqsədi insanı pis əməl və davranışlardan uzaqlaşdırmaqdır

Din insanı mənəvi kamilliyə aparan, ona doğru yol göstərən, ədalətli, mərhəmətli və xüsusilə də vicdanlı olmağı aşılayan ilahi dəyərlər sistemidir. Dinlərin əsas məqsədi insanı pis əməl və davranışlardan uzaqlaşdıraraq, yaxşılığa sövq etməkdir. Nəticə etibarilə deyə bilərik ki, din insanın mənəvi yüksəlişə nail olmasında müstəsna rol oynayır. Amma tarixin hər dövründə olduğu kimi, təəssüf ki, bu gün də din bəzi siyasi və dini dairələr tərəfindən bir-birinə qarşı silah kimi istifadə edilir, müxtəlif geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün din həqiqi məcrasından çıxarılır və ya siyasiləşdirilir. Bu fəaliyyətin isə müəyyən regionlarda, xüsusilə, Yaxın Şərqdə acınacaqlı nəticələrə gətirib çıxardığı heç kimə sirr deyil. Belə ki, dinin siyasiləşməsi və terror vasitəsinə çevrilməsi nəticəsində yüzminlərlə insan həlak olub, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb. Bütün bu faktlar bizə dinin siyasiləşəndə çox təhlükəli silaha çevrildiyini göstərir. Müstəqilliyini yeni əldə etmiş və ənənələri sarsıdılmış xalqlar üçün din ideoloji təhlükəsizlik baxımından, xüsusilə həssas məsələdir. Müasir dövrdə heç bir gənc ölkə dini zəmindəki ideoloji təhdidlərdən də tam şəkildə sığortalanmayıb.

Odur ki, Azərbaycan cəmiyyəti də dini məsələlərin doğru aşılanmasına, təbliğinə və onun icrasına xüsusi həssaslıq nümayiş etdirməlidir. Bunun üçün isə birinci növbədə maarifləndirmənin düzgün aparılması məsələsi önə çıxır. Maarifləndirmə funksiyası isə bu gün əsasən kütləvi informasiya vasitələrinin üzərinə düşür. Ona görə də hazırda din və media mövzusu bu gün öz aktuallığını qoruyur. Çünki dini sahədə bilgi azlığı cəmiyyətdə təhlükəli tendensiyaların formalaşmasının qarşısının alınmasına mane olur. Bu baxımdan, medianın üzərinə konkret öhdəliklər düşür.

Medianın çox ciddi öhdəlik və təsirləri var

Bu sahədə aidiyyəti dövlət qurumlarının media ilə apardığı işin də çox ciddi önəmi var. Təsadüfi deyil ki, son illərdə media və din sahəsində əsaslı aktivlik müşahidə olunur. Əlbəttə, bu fəaliyyətlər təqdirəlayiqdir. Əsasən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini sahədə medianın özünün maariflənməsinə dəstək göstərməsi olduqca müsbət haldır. Komitə bu günədək paytaxda və bölgələrdə onlarla maarifləndirici tədbirlər həyata keçirib. Bu tədbirlər zamanı "Dini-ideoloji təhlükəsizlik və media” mövzusu daim prioritet olub. Komitənin təqdim etdiyi dini strategiyaya əsasən, cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın yeri xüsusidir. Eləcə də ziyalılarımızın və jurnalistlərin insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirmələri əsas tezislərdəndir.

Əlbəttə, bu gün Azərbaycanda dini və etiqad azadlıqları təmin olunur. Müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət və etimad əsasında fəaliyyət göstərirlər. Bununla belə ölkədə dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər də mövcuddur. Bu cür hallara qarşı hüquq-mühafizə orqanları öhdəsinə düşən vəzifələri layiqincə icra edirlər. Amma belə təhdidlərə qarşı medianın da çox ciddi öhdəlik və təsirlərinin olduğunu unutmamalıyıq.

Media müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biridir. Hər bir ölkədə və ümumiyyətlə isə dünyada baş verən hadisələr cəmiyyətə məhz media vasitəsilə təqdim olunur. Bütün bunlar medianın gücünü dəyərləndirmək məsələsini gündən-günə aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.

Maarifləndirmə işinə dəstək milli təhlükəsizlik məsələsidir

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa cəhdlər göstərirlər. Ona görə də media vasitələri, eləcə də sosial media istifadəçiləri belə məqamlarda diqqətli olmalı, yad anlayışları rədd etməli və təxribatlara uymamalıdırlar.

Bu gün beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meyilləri, radikal terror təşkilatlarının adının islamla birgə çəkilməsi, islam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələlər də gündəmdədir. Ona görə də milli və dini kimliyin təbliği Azərbaycan dövlətçiliyinin bütövlüyü naminə çox zəruridir. Digər tərəfdən, din adına iddia edən radikal düşüncə sahiblərinin ideoloji baxımdan zərərsizləşdirilməsi üçün də azad mətbuatın maarifləndirmə işinə dəstək verməsi milli təhlükəsizliyimiz üçün olduca vacibdir.

Elçin Mehdiyev
Trend

Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti