...

Ermənistanın terror təşkilatları dünyanın 22 ölkəsində terror aktı törədib - Azərbaycan XİN

Siyasət Materials 21 Avqust 2023 16:42 (UTC +04:00)
Ermənistanın terror təşkilatları dünyanın 22 ölkəsində terror aktı törədib - Azərbaycan XİN
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xatirələrini ehtiramla anırıq. Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.

Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib.

Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.

Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.
Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq".

Qeyd edək ki, avqustun 21-də BMT-nin Terrorizm Qurbanlarının Xatirəsini Anma Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti