...

Bu gün TDT özünün ən yüksək inkişaf dövrünü yaşayır - Azər Qarayev

Siyasət Materials 3 Noyabr 2023 18:07 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türk Dövlətləri Təşkilatı özünün ən yüksək inkişaf dövrünü yaşayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin dünyada artan şəxsi nüfuzları, Azərbaycan-Türkiyə birliyi yüksək səviyyəsi öz növbəsində Türk Dövlətləri Təşkilatının inkişafına təsir edən başlıca amillərdəndir.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Görüşü də olduqca əhəmiyyətli qərarların qəbulu üçün məhsuldar keçdi:

"Görüşdə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Bəyannamədə 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal antiterror tədbirlərinin ardından Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması alqışlanır və Azərbaycan Respublikası Hökumətinin reinteqrasiya səylərinə, eləcə də, bir-birilərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək ifadə olunur.

"Artıq əminliklə deyə bilərik ki, TDT-nin gələcək inkişafı üçün hüquqi baza tam formalaşdırılıb. Biz növbəti dönəmlərdə Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etməsinə şahidlik edəcəyik", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev qeyd edib ki, bu gün Türk dövlətləri arasındakı birlik özünü əməli addımlarda da göstərir.

“Həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı dönəmdə biz Türk Dövlətlərinin dəstəyini gördük. Özbəkistan tərəfindən məktəb binasının inşasını, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzini xüsusi qeyd etmək olar.

Siyasi arenada artıq etibarlı tərəfdaş olan Türk dövlətləri, iqtisadi, mədəni sahələrdə də sıx əməkdaşlıq edirlər. Görüşdə imzalanan bəyannamədə TDT-yə üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə vacib addımların atılmasına da çağırış olunur və TDT-nin Nəqliyyat Nazirlərinin 7-ci iclasının və bu xüsusda Azərbaycan tərəfindən Zəngilan şəhərində “Beynəlxalq Nəqliyyat-Logistika Dəhlizləri: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq konfransın təşkili təşviq olunur. Bundan əlavə, Quba şəhərinin Türk Dünyasının kənd təsərrüfatı paytaxtı elan edilməsi təşəbbüsü vurğulanır”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da qeyd edib ki, hazırkı dönəmdə Türk dövlətlərinin həmrəyliyi və birliyi olduqca əhəmiyyətli rol oynayır və bütün dünyada örnək təşkil edir. Dünyada gedən münaqişələrə, siyasi toqquşmaların fonunda eyni kökdən olan millətlərin yaşadıqları dövlətlər arasındakı bu birlik əvəzedilməzdir. Yaxın illərdə Türk dövlətləri daha böyük uğurlara imza atacaqlar.

Xəbər lenti

Xəbər lenti