Bakı. Trend:
Vaxt gələcək, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
"Biz buna ümid edir və bunun üçün hər şeyi edirik. Ermənilər və azərbaycanlılar ticarət etməlidir, istisna etmirəm ki, bəzi insanlar Azərbaycan ərazisində "öz evlərinə" qayıdacaq və müəyyən vaxtdan sonra azərbaycanlılar da Ermənistana gələrək burada məskunlaşacaqlar", - deyə erməni deputat deyib.
Sülh sazişində müvafiq bəndin olub-olmayacağı ilə bağlı suala cavab olaraq Simonyan bu cür bəndə rast gəlmədiyini bildirib.
"Sülh sazişi tamamilə ərazi bütövlüyü, kommunikasiyaların açılması və s. kimi beynəlxalq prinsiplərə əsaslanıb", - o deyib.
Erməni spiker bu açıqlaması ilə, əslində, özü-özünü təkzib edib. Qarabağın Azərbaycan torpağı olduğunu və müəyyən qrup ermənilərin burada sonradan köçürülmə siyasəti ilə məskunlaşdırıldığını bildiyi halda, onların Qarabağda "öz evlərinə" qayıda biləcəyini deyir, lakin azərbaycanlıların öz tarixi-etnik torpaqları olan indiki Ermənistan ərazisinə qayıtması ehtimalından danışarkən bu ifadəni işlətmir. Bu da Ermənistan hakimiyyətinin göründüyü kimi revanş əhval-ruhiyyəsindən uzaqlaşa bilmədiyini növbəti dəfə təsdiqləyir.