Bakı. Trend:
Prezident İlham Əliyevin "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumunda çıxışındakı səmimiyyət məni heyrətləndirdi.
Bu barədə çərşənbə günü Trend-ə Brüssel Diplomatiya Akademiyasının koordinatoru Jan de Brabander deyib.
"Prezident İlham Əliyev heç bir sualdan yayınmadı, heç bir qadağa qoyulmadı. Bütün mövzuların üzərində ətraflı dayandı", - deyə o qeyd edib.
Jan de Brabander həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməkdən çox məmnun olduğunu bildirib.
"Ölkənizə ilk dəfə 2018-ci ildə səfər etmişəm və o vaxtdan sonra fikrimcə, bu, Azərbaycana səkkizinci və ya doqquzuncu səfərimdir. Bir sözlə, təkrar gəldiyimə görə çox şadam", - deyə o vurğulayıb.
"Düşünürəm ki, ən azından gördüklərimə əsasən, Azərbaycanın qarşıda hələ görüləsi çox işi var. Lakin işğaldan azad olunmuş ərazilərin bərpasında artıq nail olduqlarınız olduqca müsbət təsir bağışlayır. Burada olmaq Azərbaycandakı vəziyyəti daha yaxşı başa düşməyimə yardım etdi", - deyə Jan de Brabander əlavə edib.
Qeyd edək ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirilib. Forum ADA Universiteti tərəfindən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi ilə birgə təşkil olunub. Tədbirdə dünyanın 30 ölkəsindən 60 əcnəbi ekspert iştirak edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)