Bakı. Trend:
Azərbaycan və Ermənistan irəliyə doğru mühüm addım atıb.
Bu barədə cümə günü Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, təqaüdə çıxmış səfir Riçard Hoqland deyib.
"Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatı irəliyə doğru olduqca çoxdan gözlənilən və ümidverici addımdır, xüsusən ona görə ki, bu hər iki tərəfin iştirakı ilə üçüncü tərəflərin köməkliyi və ya vasitəçiliyi olmadan əldə olunub", - o deyib.
Hoqland qeyd edib ki, xarici qüvvələr dəstək təklif etsələr də, uzunmüddətli perspektivdə reallaşdırılacaq əsl və davamlı sülh son nəticədə müstəsna olaraq Bakı və İrəvanın özündən irəli gəlməlidir.
"Ermənistan da, Azərbaycan da həqiqətən də bu istiqamətdə irəliləyirlər və bunu alqışlamaq lazımdır, çünki onların birgə işi və artan qarşılıqlı etimadı bütün Cənubi Qafqaz regionu üçün sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə gətirib çıxaracaq", - deyə o sonda deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)