...

Onu məhv etmək istəyirlər: "günah"ı deyilənlərə inanmasıdır

Siyasət Analytics 23 Fevral 2024 11:19 (UTC +04:00)
Onu məhv etmək istəyirlər: "günah"ı deyilənlərə inanmasıdır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Londonun Ali Məhkəməsində "WikiLeaks" saytının yaradıcısı Culian Assanjla bağlı məhkəmə prosesi davam edir. Onun barəsində 18 cinayət işi və ittiham əsasında 175 illik həbs cəzası gözlədiyi ABŞ-yə ekstradisiyası məsələsi nəzərdən keçirilir.

C.Assanj Birləşmiş Ştatlara verilərsə, casusluqda ittiham olunacaq.

C.Assanjın vəkilləri London Ali Məhkəməsinin iki hakimi qarşısında vəsatət qaldıraraq, daha bir apellyasiya dinləməsinin keçirilməsini istəyiblər. Həmin dinləmə C.Assanjın Britaniyada hüquqi yardım almaqla bağlı son şansı ola bilər.

Ali Məhkəmə vəsatəti rədd edərsə, C.Assanj ABŞ-yə ekstradisiyasının qarşısının alınması istəyi ilə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edə bilər.

Fəqət London Ali Məhkəməsi onun ekstradisiyasına qərar verərsə, AİHM-ə müraciətə qədər C.Assanj Birləşmiş Ştatlara göndərilə bilər.

Culian Assanj bu günə qədər Britaniyanın ciddi rejimli həbsxanasında 1776 gün keçirib. Bundan əvvəl isə jurnalist ona sığınacaq verən Londondakı Ekvador səfirliyində yeddi il faktiki təcrid şəraitində olmuşdu.

Xatırladaq ki, 2022-ci ilin iyun ayında Britaniyanın daxili işlər naziri Priti Patel C.Assanjın ABŞ-yə ekstradisiyasını təsdiqləmişdi.

2019-cu ildə C.Assanj Britaniya polisi tərəfindən həbs ediləndən bəri ABŞ onu ələ keçirməyə can atır. Vaşinqtonun bu "istəyi" Assanjın yaratdığı və rəhbərlik etdiyi "WikiLeaks" saytında ABŞ hökuməti ilə bağlı on minlərlə məxfi sənədin, o cümlədən, diplomatik yazışmaların və Birləşmiş Ştatların bir sıra dövlətlərdə törətdiyi cinayətlərə dəlalət edən məlumatların dərcinə əsaslanır.

Habelə saytda ABŞ Dövlət Departamentinin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Agentliyinin qanunsuz əməllərinə dəlalət edən on minlərlə sənəd dərc olunub.

2012-ci ildə məhkəməyə yollanmaqdan imtina etmiş C.Assanj 2019-cu ildən bəri Londondakı Belmarş həbsxanasında saxlanılır.

2012-ci ildə ona qarşı İsveçdə cinsi zəmində zorakılıqla bağlı cinayət işi qaldırılmış, amma sonra istintaq dayandırılmışdı.

C.Assanj Britaniyada saxlanılmış, amma sonra buraxılmışdı və o, Ekvadorun Londondakı səfirliyinə yollanaraq orada sığınacaq almışdı.

7 il səfirlikdə yaşayan Assanjı nəticədə Ekvadorun hakimiyyət dairələri Britaniya polisinə təhvil vermişdilər.

Əslən avstraliyalı olan 53 yaşlı Culian Assanj 2006-cı ildə yaratdığı, anonim mənbələrdən alınan konfidensial məlumatların dərc edildiyi "WikiLeaks" saytı ilə dünyada məşhurlaşmışdı.

2010-cu ildə ABŞ-də C.Assanja qarşı 1917-ci ildə qəbul edilmiş "Casusluq haqqında" qanuna əsasən (maksimal cəza qismində edam nəzərdə tutulur) istintaq başlanıb.

Londonda məhkəmə serialı

C.Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı dinləmələr 2020-ci ilin fevralın 24-də Londondakı Vulic məhkəməsində başlanmış, lakin koronavirus pandemiyasına görə yarımçıq qalmışdı. Elə həmin ilin sentyabrında dinləmələr Londonun Mərkəzi Cinayət Məhkəməsində (Old-Beyli) Vestminster Magistrat Məhkəməsinin hakimi Vanessa Baraytser tərəfindən davam etdirilmişdi.

2021-ci ilin yanvarın 4-də məhkəmə qərara gəldi ki, Culian Assanjda autist spektrli psixi pozuntular və kliniki depressiya aşkarlandığından o, ABŞ-yə ekstradisiya oluna bilməz. Bununla belə, məhkəmə ABŞ-nin hakimiyyət dairələrinin "WikiLeaks"in banisinə qarşı irəli sürdükləri ittihamları "qanuni və əsaslı" saydı, Assanjın təqibinin siyasi zəmində olması barədə vəkillərin bəyanatlarını rədd etdi.

2021-ci ilin iyulunda ABŞ-nin Ədliyyə Nazirliyi Londonun Ali Məhkəməsini əmin etdi ki, C.Assanj ekstradisiya edilərsə, maksimal dərəcədə ciddi rejimli həbsxanaya yerləşdirilməyəcək, onunla görüşlərə məhdudiyyət qoyulmayacaq.

2021-ci ilin dekabrın 10-da İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi amerikalıların apellyasiyasını qəbul edərək, jurnalist C.Assanjın ABŞ-yə ekstradisiyasına icazə verdi.

C.Assanjın vəkilləri qərara etiraz etsələr də, 2022-ci ildə onların vəsatətləri rədd edildi.

2023-cü ilin iyunun 6-da isə Londonun Ali Məhkəməsi C.Assanjın vəkillərinin apellyasiyasını bir daha rədd etdi.

Assanjı Meninq etmək istəyirlər

Culian Assanj Birləşmiş Ştatlara verilərsə, ekstradisiya qərarı bu şəxsin edam hökmünə bərabər olacaq.

Ən yaxşı halda isə o, amerikalı hərbçi Bredli Menninqin taleyini təkrarlayacaq.

ABŞ ordusunun hərbçisi Bredli Menninq amerikalıların İraqda və Əfqanıstanda həyata keçirdikləri hərbi əməliyyatlar zamanı törətdikləri cinayətlərə dəlalət edən yüz minlərlə sənədi "WikiLeaks"ə vermişdi.

2013-cü ildə 35 il müddətinə azadlıqdan məhrum edilən Meninq 2017-ci ildə əfv edilmişdi.

Həbs edilmiş B.Menninq ömrünün 7 ilini həbsxanada keçirəndən sonra azadlığa Çelsi Meninq kimi çıxmışdı.

Həbsxanada olarkən sürəkli işgəncələrə və təcavüzlərə məruz qalan Bredli sonradan zorla cins dəyişdirilməsi əməliyyatına məruz qoyulmuşdu.

“Bunu siz etmisiniz, biz yox”

Azərbaycan Prezidenti İlham Əliyevin jurnalist Culian Assanjın həbsi və məruz qaldığı təzyiqlərlə bağlı mövqeyi kollektiv Qərbdən fərqli olaraq, dünyada ədalətlilik, prinsipiallıq, gerçəklik və insan haqlarına sayğı nümunəsi sayılır.

Dövlət başçımız 2020-ci ilin noyabrın 6-da “BBC News”a müsahibəsində demişdi: "Gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur".

2023-cü ilin iyulun 24-də isə "“China Media Group”a müsahibəsində İlham Əliyev bəyan etmişdi: "Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox".

Jurnalistika cinayətdir?

Sual ritorik deyil, çünki Qərbdə jurnalist hakimiyyət dairələrinin, rəsmi qurumların, xüsusilə də müdafiə, kəşfiyyat və təhlükəsizlik strukturlarının cinayətkarlarını ifşa etməyə çalışırsa, cinayətkar sayılaraq həbs oluna bilər.

Londonda C.Assanjla bağlı dinləmələrin keçirildiyi Ali Məhkəmənin önünə toplaşmış yüzlərlə etirazçı da belə düşünür.

Onlar dünənki aksiyada əllərində üzərində "Assanjı azad edin! Jurnalistika cinayət deyil", "Ekstradisiyaya yox", "Assanjı ekstradisiya etməyin" yazılmış plakatlar tutmuşdular.

Assanj ABŞ-yə verilərsə…

Jurnalist Culian Assanj Britaniyadan ABŞ-yə ekstradisiya olunarsa və oradan yeni məhkəməyə məruz qalaraq həbsxanaya salınarsa, həbs edilən o yox, Birləşmiş Ştatlarda söz azadlığı olacaq.

Təbii, Assanj bütünlüklə, tamamən siyasi zəminli ittihamlarla kameraya salınacaq, bütün dünya mediası isə aydın messic alacaq: heç bir jurnalist təhlükəsiz durumda deyil! “Demokratiyanın beşiyi” sayılan Qərbdə istənilən an istənilən jurnalist Assanjın taleyini təkrarlaya bilər. Ən başlıcası isə, hakimiyyətin cəmiyyətin adından törətdiyi cinayətlər barədə danışan və ya yazanlar cinayətkar sayıla bilər.

Qərbin demokratiyası budur.

ABŞ bəyan edir ki, Culian Assanj təhvil verilərsə, o, “ən sərt qaydaların olduğu həbsxanalardan birinə yerləşdirilməyəcək”.

Tam tərsinə - jurnalisti Birləşmiş Ştatlara versələr, o, ən ciddi rejimli həbsxanada təkadamlıq kameraya salınacaq.

Birləşmiş Ştatların belə vədlərinə inanmaq sadəlövhlükdür. Çünki ABŞ məhbusların hüquqlarının total şəkildə pozulması, təkadamlıq kameralara ən xırda “pozuntu”ya görə məhbusların gömülməsi, həbsxanalarda cəza çəkənlərə çox pis səhiyyə xidməti göstərilməsi ilə tanınır.

Bütün bunlarla yanaşı, əgər Britaniya C.Assanjı amerikalılara verərsə, ABŞ-nin dünyanın ən müxtəlif ölkələrindən jurnalistlərin təhvil verilməsi tələbləri yarana bilər.

Yəni Britaniya belə edəcəksə, hansısa Qabon və ya Polşa niyə etməməlidir ki?!

Müttəhimlər kürsüsündə hələlik Culian Assanjdır.

Xəbər lenti

Xəbər lenti