Bakı. Trend:
Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) minaların aşkar edilməsi üçün nüvə texnologiyasından istifadə imkanlarını araşdırır.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitində çıxışı zamanı deyib.
"Biz Belçikaya və Beynəlxalq Atom Enerjisi Agentliyinə dəvətə görə minnətdarlığımızı bildiririk. Biz burada mühüm məqamda qlobal enerjinin irəliyə doğru dayanıqlı yolunu müzakirə etmək toplaşmışıq. Nüvə enerjisinin COP28-də istixana qazı emissiyalarını azaltmaq vasitəsi kimi qlobal təhlilə daxil edilməsi həqiqətən tarixi bir mərhələ idi. Bu hadisə nüvə enerjisinin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində kollektiv tərəqqinin sübutudur və AEBA-nın mühüm rolunu vurğulayır", - o deyib.
Xarici işlər naziri qeyd edib ki, AEBA-nın "Atoms4Climate Initiative" təşəbbüsü tərifə və tam dəstəyə layiqdir.
"Nüvə enerjisindən istifadənin genişləndirilməsi imkanlarını araşdırarkən, nüvə təhlükəsizliyini təmin etmək üçün səylərimizi ikiqat artırmağımız çox vacibdir. Bundan başqa, dinc məqsədlər üçün nüvə texnologiyasına çıxışı təşviq etmək kollektiv səylərimizin təməl daşı olaraq qalmalıdır. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bu il Bakıda keçiriləcək bu əlamətdar tədbirdə nəzərəçarpacaq nəticələr əldə etmək üçün səylərə sadiqdir", - Ceyhun Bayramov qeyd edib.
Onun sözlərinə görə, sadələşdirilmiş və əlçatan nüvə enerjisi texnologiyalarının COP prosesində resurs müzakirələrinə daxil edilməsini təmin etmək çox vacibdir.
"Biz bu kontekstdə AEBA-nın bu prosesə töhfəsini gözləyirik. Azərbaycan milli səviyyədə nüvə texnologiyasının tibb, kənd təsərrüfatı və digər sahələrdə dinc məqsədlərlə istifadəsindən faydalanır. AEBA ilə birgə Azərbaycan üçün ciddi problem olan minaların aşkar edilməsində nüvə texnologiyasından istifadə imkanlarını da araşdırırıq. İndi biz MAQATE ilə Azərbaycanın “təmiz” enerjiyə keçid səyləri kontekstində nüvə enerjisindən istifadənin mümkünlüyünün birgə öyrənilməsi ilə bağlı müddəaları özündə əks etdirən növbəti beş il üçün çərçivə sənədimizi yekunlaşdırırıq", - o vurğulayıb.
(Tərcümə: Gülnarə Kərimova)
