...

Qərb Ermənistanla bağlı çətir funksiyası yerinə yetirmək istəyir - ŞƏRH

Siyasət Materials 25 Mart 2024 12:58 (UTC +04:00)
Qərb Ermənistanla bağlı çətir funksiyası yerinə yetirmək istəyir - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan baş naziri Nikol Paşinyanın son zamanlar daha kritik bəyanatlar verməsi Qərbin xüsusi xidmət orqanlarının Kreml tərəfindən Paşinyanın gec-tez çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı ona ötürülən bəyanatlar fonunda baş verir.

Bunu Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, bir müddət əvvəl baş nazir buna eyham vurmuşdu.

"Hərçənd bu mövzu ilə bağlı mənim fikrim ondan ibarətdir ki, hamı başa düşür ki, Azərbaycan bir sıra məsələlərdə tələblərinin yerinə yetirilməsinə nail olacaq və belə olan təqdirdə qaçılmaz məsuliyyətin məhz Paşinyanla bağlı olmasını istəyirlər. Əlqərəz, müxalifətin indiki halda hakimiyyətə gələrək, Azərbaycan qarşısında zəif görünməmək üçün Nikola dözməkdən başqa çıxış yolu yoxdur. Bunu onların xaricdəki havadarları da anlayırlar.

Ermənistanı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub-olmayacağı maraqlandırır. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqının üzvlüyünə perspektivi alaraq, üzləşdiyi çağırışlar hər kəsin yadındadır. İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tiflisdə meydanlarda baş verəcəklər kimi yox.

Yeri gəlmişkən, Gürcüstan və Ermənistanın Avropa perspektivliyi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren balanslı siyasət yürüdərək, bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır.

Onlardan biri ilə artıq 4 cü ildir nəzərə alınan bu münasibətlərdə əməkdaşlığın yeni xətt üzrə perspektivliyindən danışa bilsək də, cənub qonşumuz 1994-1996, 2005-2006-cı illərdə olduğu kimi, bugünkü Qərbdən gələn təkliflər fonunda da rəsmi Bakının mehriban qonşuluq siyasətinə sadiqlik siyasətini tam olaraq təhlil edərək, müsbət nəticəyə gəlməkdə çətinlik çəkir.

Hərçənd Ermənistana bu illər ərzində əsl "dayı" olmağı bacaran regional subyektlərə qarşı Azərbaycan emosional tərzdə tamamilə başqa addımlar da ata bilərdi. Ancaq Azərbaycan xarici siyasət diplomatiyası daim səbirli, soyuqqanlılığı ilə seçilib və bundan sonra da bu gedişat davamlı olacaq.

Qayıdım aprelin 5-i Blinken, Von der Layen və Paşinyan arasında görüşə. Gəlin, Azərbaycanla Ermənistanın hansının daha çox, əslində, Qərbin tərəfdaşı olmasını müqayisə edək. Müqayisəni edərkən maraqlı şəkil qarşımıza çıxır. KTMT və Avrasiya İttifaqının üzvü olan, Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsi 2023-cü ildə cəmi 7 milyard dollardan bir qədər çox olan Ermənistan, NATO-nun ən güclü üzvlərindən sayılan Türkiyənin hərbi-siyasi müttəfiqi, Aİ-nin 9 dövləti ilə strateji tərəfdaş olan, qoca qitənin ənənəvi və yaşıl enerji siyasətində xüsusi rol oynayan və oynayacaq, Aİ ilə ticarət dövriyyəsi 2023-cü ildə 24 milyard dollar olan Azərbaycan.

Əlbəttə ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrantasiyadır. Bununla da, Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq, açıq şəkildə ayrı-seçkilik etmiş olduğunu göstərmiş olur.

Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, İrəvanın Qərbə inteqrasiyasının imkanları ilk növbədə Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə, Ermənistan orada olacaq. Çünki Anadolu-Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına qayıtdı - daim burada ağalığı edən azərbaycanlılara qayıtdı.

Əlqərəz, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir-bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr", - deyə Z.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti