...

Fransanın terrora davamlı dəstəyində əsas məqsəd: Parisin məkirli planı nədir?

Siyasət Materials 13 Aprel 2024 15:15 (UTC +04:00)
Fransanın terrora davamlı dəstəyində əsas məqsəd: Parisin məkirli planı nədir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransa və Makron durur. D.Medvedev kimi səlahiyyətli bir şəxsin terror aktını Fransa ilə əlaqələndirməsi heç də təsadüfi deyil və Rusiyanın aidiyyəti strukturlarının bunun barəsində daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Fransanın terrora, separatizmə və işğalçılığa dəstək verməsi heç kimə sirr deyil.

“Azərbaycan özü uzun illərdir Fransanın bu məkirli siyasətindən əziyyət çəkir. Fransanın tarixdə törətdiyi terror hadisələri, müstəmləkəçilik siyasəti hər kəsə yaxşı məlumdur. Afrikada Fransanın törətdiyi terror əməlləri, o cümlədən Fransanın iradəsinə tabe olmayan siyasətçilərin fikizi məhv edilməsi Fransa tarixinin qara ləkəsidir.

Erməni terroruna dəstək də Fransa siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. "Orli qrupu", "Erməni azadlıq hərəkatı" kimi terror təşkilatları məhz Fransada yaradılıb və dünyada bir çox qanlı terror hadisələri törədib. ASALA terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri də məhz Fransa olub. II Qarabağ müharibəsi dövründə də Fransa öz ampluasında idi. Ermənistanın təxribatları fonunda Azərbaycanın haqlı mübarizəsi əsasında başlamış olan Vətən müharibəsində Fransa işğalçıya, separatizmə açıq dəstək verdi.

Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkmək niyyətində deyil. Krokus konsert zalında bu terrorun törədilməsi Fransanın çirkin niyyətini bir daha ortaya qoydu. Bu terror aktının məhz Azərbaycan əsilli iş adamına məxsus zalda törədilməsi ilə Fransa eyni zamanda Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirməyə çalışdı. Fransa öz çirkin maraqları naminə günahsız insanların qətlinə rəvac verir. Dünya ictimaiyyəti Fransanın terror əməllərinə artıq dur deməli, Fransaya ciddi təzyiq göstərilməlidir”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında deyib ki, dünyada müstəmləkəçi siyasəti, ayrı-ayrı regionlarda işğalçı müharibələrin səbəbkarı kimi tanınan Fransa həm də terrorçuluğa dəstək verir.

“Biz bunu sadəcə söz olaraq demirik. Ortada real faktlar var. Fransa uzun illər müxtəlif terror təşkilatlarına bu və ya digər dəstəyi ilə yaddaşlarda qalıb. Ümumiyyətlə Fransanın beynəlxalq terrorizmlə əlaqələri yenilik deyil. Məsələn, Fransanın “Lafarge” şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodunun İŞİD-lə əlaqələri bütün dünyaya məlumdur. Belə ki, iki il əvvəl yüzlərlə yezid "Lafarge" sement istehsalçısını məhkəməyə verərək dünyanın ən iri sement şirkətlərindən birini İŞİD terror təşkilatını maliyyələşdirməkdə suçlamışdı. ABŞ-nin Nyu-York Federal Məhkəməsinə təqdim edilmiş iddianamədə vurğulanırdı ki, "Lafarge" şirkəti "İŞİD-i beynəlxalq terror aktlarına təşviq edərək bu qruplaşma ilə sövdələşməyə girib. Onu da qeyd edək ki, məhkəmə bu şirkəti şikayətlər əsasında cərimə etmişdi. Türkiyənin "TRT World" kanalında hazırlanan verilişdə də bu zavodun terrorçuları dəstəkləməsindən bəhs ediliridi”, - deyə V.İskəndərov bildirib.

Deputat qeyd edib ki, Fransa erməni terrorizminə də ən dərin və geniş dəstək verir.

“Bunun nəticəsidir ki, erməni terror təşkilatı ASALA-nın əsas ocaqlarından biri məhz Fransadır. Bu günlərdə isə bəlli olub ki, Fransa terrorçuları dəstəkləməkdən artıq onlara müxtəlif terror cinayətlərini sifariş etmək mərhələsinə keçib. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedev bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransa və Makron durur. Əslində D.Medvedevin dedikləri təsadüfi deyil və Rusiyanın aidiyyəti strukturlarının bunun barəsində daha dərin məlumatları var.

Digər tərəfdən Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Bununla bir tərəfdən Rusiyada daxili qarşıdurma, dini və etnik zəmində nifaq yaratmaq, digər tərəfdən isə Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək məqsədi güdülüb. Hesab edirəm ki, dünya ictimaiyyəti Fransanın bu terrorçuluq əməllərinə lazımı hüquqi qiymət verməli, Fransa dövləti mühakimə olunmalıdır”, - deyə İskəndərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti