Bakı. Trend:
Azərbaycan və Belarus parlamentləri arasında sıx münasibətlər saxlanılacaq.
Trend xəbər verir ki, bu barədə Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Sergey Xomenko brifinqdə bildirib.
"Azərbaycan və Belarus parlamentləri arasında sıx münasibətlər davam etdiriləcək. Bunda liderlərimizin dostluq münasibətləri mühüm rol oynayır. Onların istənilən vaxt və istənilən şəraitdə köməyə gəlmək, dəstək vermək istəyi xalqlarımızın qarşılıqlı münasibətləri üçün əsl təməldir", - o bildirib.
Xomenko qeyd edib ki, Belarusda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 14 azərbaycanlı qəhrəman xatırlanır və hörmət edilir.
"Gələn il hamımız Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birlikdə qeyd edəcəyik. Çox istərdim ki, biləsiniz: Belarusiyada Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 14 azərbaycanlı qəhrəmanın Belarus torpağının azad edilməsinə görə bu adı aldığlarını xatırlayırıq. Belarusiyada iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanov da xatırlanır; küçələrimiz, təşkilatlarımız onların adlarını daşıyır. Böyük Vətən Müharibəsi illərindəki birlik nümunəsi göstərir ki, əgər biz hamımız birgə çalışsaq, istənilən çətinliklərin öhtəsindən gələ bilərik", - o dedi.