Bakı. Trend:
Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciəti əsassız sayılıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 13-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
Onun sözlərinə görə, 8 saylı Binəqədi seçki dairəsindən Müsavat partiyasından deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılı müraciət edərək, seçki prosesində qanun pozuntularına yol verildiyini bildirib.
A.Muxtarova qeyd edib ki, müraciətlə bağlı 200-dən artıq fakt və əsaslar toplanıb. Müəyyən olunub ki, təqdim edilən şikayətlə bağlı müraciətin heç bir əsası yoxdur.
Qeyd edək ki, sözügedən dairədə Azay Quliyev, Həcər Mirzəyeva, İlkin Rəhimov, Sənan Daşdəmirli, Tamilla Qulami, Mustafa Hacılı, Ağasif İbrahimov, Aydın Cabbarlı, Rəşid Əliyev, Elməddin Salmanlı və Mehrac Sarıxanlı namizəd olub. azay Quliyev səs çoxluğu ilə qalib gəlib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.