...

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 17 Oktyabr 2024 11:46 (UTC +04:00)
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektə malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdən əvvəl Heydər Əliyev Muzeyində Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub, ruhuna dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti, İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, yeni yaradılan konsepsiyaya əsasən təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda, onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.

Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib və bu bölmələrdə xidmət etməklə öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib. Ali təhsil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.

Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində gənclərin fərdi inkişafı naminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti