...

Parlament seçkiləri Gürcüstanın sülhü və birliyi üçün çox vacibdir - "Gürcü Arzusu"nun deputatı

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 15:51 (UTC +04:00)
Parlament seçkiləri Gürcüstanın sülhü və birliyi üçün çox vacibdir - "Gürcü Arzusu"nun deputatı
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda parlament seçkiləri qütbləşmiş siyasi vəziyyət fonunda ölkənin sülh və birliyinin qorunmasında əsas rol oynayır.

Bu barədə Trend-ə “Gürcü Arzusu” partiyasının nümayəndəsi İrakli Kadagişvili bildirib.

“Parlament seçkiləri ərəfəsində sakit vəziyyətə baxmayaraq, ölkədəki siyasi vəziyyət qütbləşir və müxalifətin bir qismi olduqca radikal mövqe tutur ki, bu da gərginlik yaradır. Xalq üçün əsas məsələ Gürcüstanda sülhün qorunmasıdır. Lakin müxalifət vəziyyəti Avropa və Rusiya arasında seçim kimi təqdim etməyə çalışır ki, bu da tamamilə yanlış fikirdir. Gürcüstan heç bir halda siyasi istiqamətini dəyişmir. Ölkə çalışır ki, onun daxili işlərinə kobud müdaxilə olmasın və onu Rusiya ilə münaqişəyə sövq etməsinlər. Xalq anlayır ki, hazırda əsas seçim bu mürəkkəb geosiyasi vəziyyətdə sülhü dəstəkləməkdir", - o bildirib.

Deputat, həmçinin, xarici dövlətlərin və beynəlxalq təşkilatların Gürcüstanın seçki prosesinə müdaxiləsini də qeyd edib.

"Bu, nə dövlətin suverenliyinə, nə də diplomatik etika normalarına uyğun gəlmir. Elə bir gün olmur ki, hansısa xarici dövlətin nümayəndəsi və ya beynəlxalq təşkilat Gürcüstan haqqında bəyanatlar verməsin və siyasi seçki prosesinə müdaxilə etməsin. Təəssüf ki, onlar bu cür addımlar atmağa cəsarət edirlər. Onlar anlayırlar ki, Gürcüstandakı müxalifət uğur qazanmaq üçün kifayət qədər güclü deyil, ona görə də faktiki olaraq özləri seçki kampaniyaları aparmağa məcbur olurlar. Lakin bu, yalnız qıcıq doğurur, çünki Avropa İttifaqına inteqrasiya arzusu bizim müstəqilliyimizdən və kimliyimizdən imtina etməyə hazır olduğumuz anlamına gəlmir. Biz daxili məsələlərimizi, o cümlədən Gürcüstana kimin rəhbərlik edəcəyini özümüz həll etmək istəyirik. Bu, xaricdən edilən təzyiqlərin nəticəsi yox, xalqın seçimi olmalıdır ", - İrakli Kadagişvili vurğulayıb.

Onun sözlərinə görə, insan hüquqlarının vəziyyətini, demokratiya səviyyəsini, məhkəmə sisteminin fəaliyyətini, idarəetmənin açıqlığını, büdcə şəffaflığını və ya aşağı korrupsiya səviyyəsini qiymətləndirən beynəlxalq reytinqlərə diqqət yetirsək, Gürcüstanın təkcə Avropa İttifaqına namizəd ölkələr arasında deyil, həm də onun üzvü olan bir çox dövlətlərlə müqayisədə lider mövqedə olduğunu görmək olar. Bu isə göstərir ki, Gürcüstan öz islahatları və inkişafı sayəsində Avropa standartlarına çox yaxındır.

Onun fikrincə, hazırkı gərgin geosiyasi vəziyyətdə Gürcüstan hökuməti Rusiya ilə münaqişəyə və ikinci cəbhənin açılmasına gətirib çıxara biləcək addımlardan qaçmağa çalışır. Bu isə bir çox xarici oyunçuları narahat edir, çünki onlar Gürcüstanı Rusiyaya qarşı mübarizəyə sövq etməyə çalışırlar.

"Belə hadisələrin inkişafı ölkə üçün ciddi nəticələrə səbəb ola bilər, buna görə də hazırkı rəhbərlik bu cür addımlardan qətiyyətlə qaçır", - İ.Kadagişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan xalqı anlayır ki, Qərbdən edilən təzyiqlər məhz bu fikri irəli sürməyə yönəlib. Lakin Avropa İttifaqı ilə vizasız rejimin ləğvi asan deyil, çünki Gürcüstanın konkret nailiyyətləri var ki, onlar sayəsində ölkə nəinki regionda, hətta Aİ-nin bir çox dövlətləri arasında lider mövqeyini qoruyur. Bütün bunlar daha çox seçkiqabağı taktikaya bənzəyir və yəqin ki, seçkilərdən sonra xaricdən edilən təzyiqlər azalacaq.

"Seçkilərin ciddi problemlər olmadan keçəcəyini düşünürəm, çünki Gürcüstandakı seçki qanunvericiliyini olduqca mükəmməl adlandırmaq olar. Səsvermə elektron sistem vasitəsilə həyata keçirilir ki, bu da səslərin hesablanması zamanı səhv ehtimalını minimuma endirir. Səsvermə başa çatdıqdan yarım saat və ya bir saat sonra nəticələr ictimaiyyətə təqdim olunur", - o bildirib.

Deputatın fikrincə, hakim “Gürcü Arzusu” partiyasının qələbəsi həyata keçirilməkdə olan regional layihələrin sürətləndirilməsinə və səmərəli şəkildə başa çatdırılmasına, eləcə də yeni təşəbbüslərin irəli sürülməsinə imkan verəcək.

“Onların arasında Azərbaycanın Avropaya Gürcüstan üzərindən keçən boru kəmərləri, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən dəmir yolları, həmçinin Qara dəniz sahilində iri dərin su limanının tikintisi var. Bu liman konteyner və quru yük daşımaları üçün mühüm tranzit mərkəzinə çevriləcək və Çin və Orta Asiya məhsulları üçün Avropa bazarına yeni yollar açacaq”, - o bildirib.

İrakli Kadagişvili əlavə edib ki, mövcud şəraitdə Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir, çünki Rusiya və Çin üzərindən keçən Şimal-Cənub dəhlizi müvəqqəti olaraq işləmir, İsrail-Ərəb qarşıdurmasının kəskinləşməsi və İranın iştirakına görə isə Fars körfəzində vəziyyət mürəkkəbləşib. Nəticədə yüklər Afrikanı keçmək məcburiyyətində olur ki, bu da Orta Dəhlizi son dərəcə vacib edir. Bu, təkcə nəqliyyat logistikası üçün deyil, bütövlükdə iqtisadi inkişaf üçün yeni perspektivlər açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti