Bakı. Trend:
“Hazırlıqlar çox yaxşı gedir”.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləçisi Xasay Həsənli (77 kq) deyib.
O, Albaniyanın paytaxtı Tiranada keçiriləcək güləş üzrə U-23 dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Həsənlinin sözlərinə görə, komandada əhval-ruhiyyə çox yaxşıdır:
“Hər kəs qələbəyə köklənib. Çox yaxşı məşqlər keçmişik. Yarışdan gözləntim yüksəkdir. Rəqiblərimin hər biri mənə tanışdır. Çoxu ilə dəfələrlə güləşmişik. Güclü idmançılardır. Hər birini analiz etmişəm. İnanıram ki, yaxşı nəticə əldə edəcəm. Bu ili həm Avropa, həm də dünya çempionu kimi başa vurmaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 21-27 tarixlərində baş tutacaq.