...

Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib

Siyasət Materials 17 Oktyabr 2024 19:23 (UTC +04:00)
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 17-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib.

Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adı xüsusi sessiya keçirilib.

Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ölkəmizdə noyabr ayında keçiriləcək ən böyük iqlim konfransı, COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən 15 noyabr tarixində keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.

Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib. Daha sonra Baş Prokurorluğunun idarə rəisləri Elnur Musayev və Erkin Əlixanov ölkəmizdə ekoloji cinayətlərlə mübarizədə görülən tədbirlər və müsbət nailiyyətlər, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdə keçirilmiş 29-cu illik konfransının nəticələri, eləcə də COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiya barədə məlumat veriblər.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. Baş prokuror tərəfindən Azərbaycan hökuməti ilə BMT arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə BMTNCİ arasında transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Qada Vali COP29 çərçivəsində Azərbaycan Prokurorluğu ilə birgə təşkil olunacaq tədbirlə bağlı görülmüş hazırlıq işlərini yüksək qiymətləndirərək Baş prokurora təşəkkürünü bildirmişdir.

Həmçinin, səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib. BƏƏ-nin Baş nazirinin müavini - daxili işlər naziri şeyx Saif bin Zayed əl Nəhyanın salamları Baş prokuror Kamran Əliyevə çatdırılaraq COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiyada BƏƏ tərəfindən həmsədrlik edilməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti