Bakı. Trend:
Müdafiə nazirinin göstərişinə əsasən, oktyabrın 17-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimlərdə hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qələbəmizin tarixi əhəmiyyətindən, torpaqlarımızın azad olunması naminə xalqımızın həmrəyliyindən, dövlətimizin ətrafında dəmir yumruq təki sıx birləşməsindən danışıblar, Füzuli şəhərinin və rayonun digər yaşayış məntəqələrinin azad edilməsinin strateji rolunu qeyd ediblər.
Bildirilib ki, zəfərimiz sayəsində bu gün Azərbaycan
Respublikasının Dövlət Bayrağı təkcə Füzuli şəhərində deyil,
suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə qürurla
dalğalanır.
Döyüş iştirakçıları onların xidmətlərinə verilən yüksək qiymətə
görə Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını ifadə
ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamına əsasən şəhərin işğaldan azad olunduğu 17 oktyabr tarixi
Füzuli Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti
şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək
xatirələrini hörmət və ehtiramla anıblar.
Şəxsi heyətə vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər təqdim olunub, Vətən müharibəsində qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.