...

İrandan Şimal-Cənub Dəhlizi ilə bağlı mühüm addım - Rüsumlar yarıyadək azaldıldı

İqtisadiyyat Materials 17 Oktyabr 2024 14:04 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Beynəlxalq Şimal-Cənub Dəhlizi çərçivəsində İranın Əmirabad limanından Bəndər-Abbas limanına dəmiryolu ilə yükdaşımalara 50% endirim edib.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryolları Administrasiyasının baş direktoru Cabbarəli Zakeri İranın Mazandaran vilayətinin valisi Yusif Nuri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu endirim iş adamlarını qeyd olunan dəmiryolundan istifadə etməyə təşviq etmək məqsədilə nəzərdə tutulub.

Qeyd edək ki, iranlı rəsmi sözügedən endirim detalları ilə əlaqədar əlavə məlumat verməyib.

Zakeri əlavə edib ki, dəmiryolları ilə yükdaşımadan əlavə, özəl sektorun investisiyasının cəlb olunması ilə sərnişindaşımanın da inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Nazir müavini qeyd edib ki, İranın Dəmiryolları Administrasiyası Mazandaran vilayətində dəmiryolları sahəsində müəyyən olunan istənilən layihənin vəsaitinin 50%-ni qarşılamağa hazırdır.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Xəbər lenti

Xəbər lenti