Bakı. Trend:
“Zscaler ThreatLabz Zscaler” təhlükəsizlik tədqiqatçıları “Play Store”da 200 təhlükəli proqram aşkar etdiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, sözügedən proqramların artıq 6 milyon cihazda quraşdırıldığı bildirilir.
“Zscaler ThreatLabz Zscaler”in 2024-cü il hesabatına görə zərərli tətbiqlər əvvəlki illə müqayisədə 101 faiz artıb.
Bu proqramlar təxminən 8 milyon cihazda quraşdırılıb və istifadəçiləri casus proqram və maliyyə hücumları kimi müxtəlif təhlükələrə qarşı həssas edir.
Hesabatda “Anatsa” adlı “Android” bankçılıq zərərli proqram ailəsinin dünya üzrə 650-dən çox maliyyə qurumunu hədəf aldığı bildirilir.
“Anatsa”, “PDF” və “QR” kod oxuyucuları kimi zahirən zərərsiz görünən proqramlar vasitəsilə yayılır və istifadəçilərin bank hesablarına daxil olmaq üçün fişinq hücumları həyata keçirir.
Coğrafi baxımdan kiberhücumlara ən çox məruz qalan ölkə ABŞ-dır. Yaponiya, Çin, Sinqapur və Almaniya da hücumlardan ən çox təsirlənən ölkələr sırasındadır. Mobil zərərli proqramlara gəldikdə, Hindistan siyahıya başçılıq edir. Hindistanı ABŞ, Kanada, Cənubi Afrika və Hollandiya izləyir.
“Google” şirkəti “Play Store”da zərərli proqramların aşkarlanması və silinməsi üçün proaktiv yanaşma tətbiq edir. “Chrome”un “təhlükəsiz baxış” funksiyası, Androidin təhlükəsizlik xüsusiyyətləri və “Play Store” üçün “Play Protect” kimi alətlər istifadəçiləri qorumaq üçün birlikdə işləyir.
“Play Protect” quraşdırma zamanı və quraşdırmadan sonra proqramları müntəzəm olaraq skan edərək potensial təhlükələri müəyyən edir. Zərərli proqram aşkar edildikdə, istifadəçilərə bildiriş göndərilir və tətbiqi silmək və ya söndürmək xahiş olunur. “Google” bildirir ki, əksər hallarda zərərli proqramlar avtomatik silinir.