...

Prezident İlham Əliyev Pakistanla imzalanmış bir sıra sazişləri təsdiqlədi

Siyasət Materials 25 Oktyabr 2024 16:08 (UTC +04:00)
Prezident İlham Əliyev Pakistanla imzalanmış bir sıra sazişləri təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev Pakistanla imzalanmış bir sıra sənədləri təsdiq edib.

Trend xəbər verir ki, müvafiq sənədlərlə 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.

Qeyd edək ki, Preferensial Ticarət Sazişinin məqsədi iki ölkə arasında müəyyən məhsullara tətbiq olunan tarifləri və gömrük rüsumlarını azaltmaqla ticarəti stimullaşdırmaqdır. Sazişə əsasən, müəyyən məhsullar üzrə tariflərin endirilməsi və bəzi hallarda tamamilə ləğvi nəzərdə tutulur ki, bu da qarşılıqlı ticarətin daha da asanlaşdırılmasına xidmət edir. Sənədin qəbulu iki ölkə arasında ticarət həcminin artırılması, yeni bazarların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır.

Tranzit Ticarət Sazişi iki ölkənin beynəlxalq ticarət əlaqələrini gücləndirmək və malların tranzitini asanlaşdırmaq üçün imzalanan strateji sənəddir. Sazişə əsasən, Pakistan Azərbaycan üzərindən Avropa və Mərkəzi Asiya bazarlarına daha sürətli və səmərəli çıxış imkanı qazanır, digər tərəfdən, Azərbaycan Pakistanın ticarət yollarından istifadə edərək Cənubi Asiya və Çin bazarlarına çıxışı asanlaşdırır.

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi” iki ölkə arasında hava nəqliyyatı əlaqələrini genişləndirmək və müntəzəm uçuşların həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Saziş Azərbaycan və Pakistan arasında birbaşa hava uçuşlarının həyata keçirilməsini təmin edir. Bu uçuşlar ticarət, biznes və turizm sahələrində əlaqələrin gücləndirilməsi məqsədilə təşkil olunur. Hava əlaqələri iki ölkə arasında mədəni, turistik və işgüzar əlaqələrin inkişafına töhfə verir. Hava əlaqələrinin inkişafı həmçinin yük daşımalarını da əhatə edir.

Xəbər lenti

Xəbər lenti