...

Prezident İlham Əliyevin quruculuq əzminin və dövlətimizin qüdrətinin təcəssümü

Siyasət Materials 25 Oktyabr 2024 11:06 (UTC +04:00)
Prezident İlham Əliyevin quruculuq əzminin və dövlətimizin qüdrətinin təcəssümü

Bakı. Trend:

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4-cü ili tamam olur. 2020-ci il oktyabr ayının 25-də, Vətən müharibəsinin 29-cu günündə şanlı Ordumuzun bayrağımızı Qubadlı şəhərində ucaltması və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə qələbə raportu verməsi hər birimizi dərindən qürurlandırdı və təsirləndirdi. Bununla da xalqımız Cəbrayılın, Hadrutun Füzulinin və Zəngilanın azad edilməsindən sonra növbəti dəfə qələbə libasına büründü.

Qubadlı rayonu istiqamətində əldə edilən hərbi üstünlük, Ermənistanla şərti sərhəddə nəzarətin təmin olunması ordumuza Laçın və Şuşa istiqamətlərində irəliləməyə əlverişli zəmin formalaşdırdı. Bu baxımdan Qubadlının işğaldan azad edilməsi Vətən müharibəsinin ən önəmli hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu strateji uğur ordumuzun qələbə əzmini və cəmiyyətimizdəki böyük ruh yüksəkliyini daha da yüksəltdi və bizi tarixi zəfərə bir qədər də yaxınlaşdırdı.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncamla Qubadlının işğaldan azad edildiyi tarix – oktyabr ayının 25-i ölkəmizdə Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Belə bir qürurlu gündə bir daha ordumuzun keçdiyi döyüş yoluna qürurla nəzər salır, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq.

Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxan acınacaqlı mənzərə isə erməni vandallığının növbəti nümayişi oldu. Hələ 2021-ci il oktyabrın 25-də Qubadlı ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyev bu barədə demişdi:

«Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq».

İşğaldan azad edilən digər şəhər və rayonlarımız kimi Qubadlıda da artıq həyat yenidən canlanır. 4 il uzun zaman kəsiyi deyil, amma bu qısa müddətdə həm Qubadlı şəhərində, həm də rayonun digər yaşayış məntəqələrində aparılan bərpa və quruculuq işləri öz möhtəşəmliyi ilə qürur doğurur. Görülən bütün işlər Prezident İlham Əliyevin qurub yaratmaq əzmini, Azərbaycan dövlətinin qüdrətini əks etdirir.

İşğaldan azad olunmuş digər şəhərlərdə olduğu kimi Qubadlıda da bərpa işləri infrastrukturdan başlayıb və ilk olaraq elektrik yarımstansiyası istifadəyə verilib. Ümumiyyətlə isə rayonun elektrik təchizatı ilə bağlı işlər sürətli olmaqla, ən müasir və innovativ yanaşmalara, o cümlədən «yaşıl enerji» konseptinə söykənir.

Rayonun yol-nəqliyyat infrastrukturu bərpa edilir. Hazırda bu sahədə icra olunan layihələrdən biri respublika əhəmiyyətli Xudafərin-Qubadlı-Laçın yoludur. 2021-ci ilin aprelində təməli qoyulan 56.4 km-lik yolun inşasının tezliklə başa çatdırılması planlaşdırılır. 2021-ci ildə təməli qoyulan 17 km-lik Xanlıq-Qubadlı yolu isə rayonun daxili yol şəbəkəsinin mərkəzi yollarından biri olacaq. Rayonda həmçinin 26 km uzunluğunda Qubadlı-Eyvazlı və 23,5 km-lik Qubadlı-Xınzirək yolları da inşa olunur.

Qubadlının zəngin su ehtiyatları var və rayonun bərpası prosesində bu imkandan səmərəli yararlanmaq qarşıya məqsəd qoyulub. Bunun üçün rayon ərazisində “Zabuxçay” və “Bərgüşadçay” su anbarları tikilir. Su anbarlarının yaradılması nəticəsində Qubadlı və Zəngilanda on minlərlə hektar torpaq suvarma suyu ilə dayanıqlı şəkildə təmin edilməsi mümkün olacaq.

2023-cü ilin may ayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının və 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlləri qoyulub. Qubadlıda hələlik bərpa olunan kəndlər isə Xanlıq, Zilanlı və Mahruzludur. Göründüyü kimi Qubadlı şəhəri və bütövlükdə rayonun özü kompleks şəkildə bərpa olunur.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, dost və qardaş dövlətlərin həyata keçirdiyi infrastruktur layihələri istisna olmaqla Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti yalnız özünün daxili imkanları hesabına həyata keçirir. Başqa cür desək, dövlətimiz öz gücünə bir Livan və ya 4 Lüksemburq qədər ərazidə böyük masştablı quruculuq işləri aparır.

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Ötən 4 ilə yaxın müddətdə bu vəsaitlə Qarabağ və Şərqi Zəngəzurda saysız-hesabsız infrastruktur layihələri həyata keçirilib. 3 min kilometr avtomobil yolu inşa edilib, 2 aeroport istifadəyə verilib, 270 meqavat gücündə su-elektrik stansiyaları yaradılıb. Artıq Şuşa, Laçın, Füzuli və Xocalı şəhərlərində, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərində yaşayış var. Bu şəhər və kəndlərə indiyədək 8 min 300 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb. Hazırda Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin, onlarla kənd və qəsəbənin tamamilə yenidən qurulması, bu ərazilərdə yol, enerji və sosial infrastrukturların yaradılması işləri sürətlə davam edir.

İşğaldan azad edilmiş ərazilərin bərpası 2025-ci ildə də yüksək templə davam etdiriləcək. Məlum olduğu kimi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirə olunmaq üçün artıq Milli Məclisə təqdim edilib. Layihəyə əsasən açıqlanan gəlir və xərclər göstərir ki, dövlət büdcəsi 2025-ci ildə də respublikamızın iqtisadi kursunun, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsini uğurla təmin edəcək.

Əsas milli vəzifələrdən biri də əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır və bu məsələ gələn il də dövlət büdcəsinin prioritetlərindən olacaq. Belə ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası, işğaldan azad olunmuş ərazilərə dönüşün təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsait işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin növbəti ildə də qrafikə uyğun davam etdirilməsini və başa çatdırılmasını təmin edəcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti