Bakı. Trend:
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova qurumun rəsmi saytına müsahibə verim.
Trend həmin müsahibəni təqdim edir:
- Aynur xanım, ilk öncə uşaqlar arasında arterial təzyiqin yüksəlməsi halları haqqında məlumar verərdiniz…
- Arterial hipertenziya adətən yaşlılar arasında ən çox yayılan
hallardan biridir və bir çox xəstəliklərin təməlini təşkil edir.
Arterial hipertenziya əslində uşaqlar arasında da rast gəlinir.
Uşaqlarda arterial təzyiq göstəriciləri böyüklərdən fərqli olaraq,
hər yaş qrupuna görə dəyişir. Buna görə də, xüsusi cədvəllərdən
istifadə olunur. “Sentil cədvəli” kimi tanınan cədvəldə eyni yaş
qrupu və bədən ölçülərində olan uşaqlar arasında aparılan müayinədə
ən çox rast gəlinən göstərici normativ kimi qəbul olunur. Məsələn,
boyu 165 sm olan 14 yaşlı gənclər üçün sistolik təzyiq 105-120
mm.c.st, diastolik təzyiq 61-78 mm.c.st arası dəyişə bilər.
Pediatr bu cədvəllər əsasında uşaqda arterial təzyiqi dəyərləndirir
və normadan kənara çıxmaları qeydə alaraq nəzarətdə saxlayır.
- Hansı səbəblərə görə uşaqlarda təzyiq yüksəlir?
- Səbəblər müxtəlifdir. Ümumiyyətlə, arterial hipertenziya
birincili və ikincili xarakter daşıyır. Birincili hipertenziya heç
bir xəstəliyin ağırlaşması olmadan sərbəst şəkildə yaranır və
hipertoniya xəstəliyi kimi də tanınır. Uşaqlarda bunun yaranma
səbəbi çox ola bilər, o cümlədən irsi meyillik, psixoemosional
gərginlik, passiv həyat tərsi, əmək və istirahət saatlarının
qeyri–düzgün paylaşdırılması, keçid yaş dövrü, telefon asılılığı və
s.
İkincili arterial hipertenziya böyrək, endokrin, ürək-damar və s.
sistemlərin xəstəliklərinin simptomu kimi yarana bilər. Arterial
təzyiq iki komponent arasındakı balansın pozulmasından yaranır. Bu
bir dəqiqə ərzində ürəkdən qovulan qanın həcmi və damar divarının
genişlənmək xüsusiyyətidir. Normada ürək vurğusu çoxalırsa,
məsələn, fiziki aktivlik zamanı, bu zaman damar müqaviməti
azalmalıdır. Bu tərsinə də işləyir. Damar müqaviməti artıbsa, ürək
vurğusu azalmalıdır. Bu iki komponentin işini tənzimləyən müxtəlif
mediatorlar var və onlar ayrı-ayrı orqan və toxumalar tərəfindən
sintez olunur.
Sistemlərin işində hər hansı patologiya yaranarsa, dolayı yolla
arterial hipertenziyaya səbəb ola bilər, yəni ikincili hipertenziya
yaranar. Bu zaman yüksək təzyiq xəstəlik kimi yox, əsas xəstəliyin
yanaşı simptomlardan biri kimi özünü göstərir.
- Doktor, uşaqlarda yüksək arterial təzyiq özünü necə
büruzə verir?
- Adətən uşaqlarda baş ağrısı, ürək bulanma, qusma, baş gicəllənmə,
qulaqlarda küy, tez yorulma, qıcığa meyillilik, burundan qanın
açılması kimi əlamətlərlə özünü göstərir. Bəzən isə simptomsuz
keçir və təsadüfən təzyiqi yoxladıqda aşkarlanır. Amma bu o demək
deyil ki, tanometrdə bir dəfə yüksək rəqəm gördüksə, bu,
hipertenziyadır. Arterial təzyiqin ölçülmə qaydası və şərtləri var.
Şərtlər düzgün icra olunmazsa, göstərici düzgün olmaya bilər. Bu
da, öz növbəsində, valideynləri əsassız yerə həyəcanlandıra
bilər.
İstənilən halda əgər valideyn nədənsə narahatlıq duyursa, mütləq
pediatra müraciət etməli və ixtisaslaşmış personal tərəfindən
təkrar təzyiq ölçülməlidir. Arterial təzyiq uşağın sakit, oturaq
vəziyyətində, arasında 3-5 dəqiqə interval olmaqla 3 dəfə
ölçülməlidir. Eyni zamanda, ürək döyüntülərinin sayı və ritmi də
qiymətləndirilməlidir. Yüksək arterial təzyiqin bir dəfə qeydə
alınması heç də arterial hipertenziyadan xəbər vermir. Bunun üçün
1-2 həftə sınaq müddəti qoyulur və bu müddət ərzində təzyiqin
göstəricilərini nəzarətdə saxlamaq lazımdır.
- Uşaqlarda yüksək arterial təzyiqin müalicəsi böyüklər kimi aparılır, yoxsa fərqlidir?
- İlk öncə qeyd etmək istəyirəm ki, dərhal dərman müalicəsinə
başlamaq yanlış fikirdir, çünki arterial təzyiqi qaldıran səbəblər
həmişə xəstəlik xarakterli olmur. Yeniyetmə dövründə olan uşaqlar
çox həssas və çılğın olurlar. Gündəlik həyatda baş verən hansısa
münaqişə uşağın psixologiyasına mənfi təsir göstərə bilər.
Bütün bunlar, təbii ki, uşağın somatikasına da təsir edir. Eyni
zamanda, imtahanöncəsi stress, ya da hər hansı xoşagəlməz xəbər
uşaqda psixoloji travma və dolayısı ilə təzyiqin yüksəlməsinin
səbəbi ola bilər. Bəzən uşaqlarda kompüter arxasında eyni
vəziyyətdə saatlarla oturma nəticəsində qan dövranında pozğunluq
yaranır. Buna görə də, kompüter və telefon istifadəsini tənzimləmək
və uşağı digər sağlam əyləncələrə cəlb etmək lazımdır. Bununla da
uşağı həm aktiv, həm də sağlam həyat tərzinə alışdırırsınız. İmkan
daxilində övladlarınızla çox vaxt keçirməli, ona sevgi göstərməli,
müştərək oyun və əyləncələrə qatılmalısınız.
- Qida rejimi uşaqlarda arterial təzyiqn yaranmasına təsir edə bilərmi?
- Qeyri-sağlam qidalanma uşaqlarda arterial təzyiqin ilkin
səbəbi ola bilər. Mütləq qida və yuxu rejimi normallaşmalı, az
kalorili sağlam qidalara üstünlük verilməli, artıq çəki varsa,
onunla mübarizə aparmaq lazımdır.
Qida rejimini təşkil edərkən, bütün ailə üzvləri bu rejimə
qoşulmalıdır. Yeməklərdə duzu azaltmaq, ədviyyatlardan az istifadə
etmək lazımdır. Heyvan mənşəli yağlar azalmalı, bitki mənşəli
yağlara isə üstünlük verilməlidir. Karbohidrat, tünd çay, kofe,
şəkərli içkilər, duzlu və ədviyyatlı çərəzlər, hisə verilmiş qida
növləri minimuma endirilməlidir. Bunların əvəzində kalium və
maqneziumla zəngin qida maddələri o cümlədən quru meyvələr, boranı,
lobyalı bitkilər, gül kələm, brokoli, ərik, üzüm, şaftalı, dəniz
məhsulları, eyni zamanda kəsmik, pendirin sərt növləri kimi qida
maddələri istifadə olunmalıdır.
- Son olaraq valideynlərə nə məsləhət verərsiniz?
- İstənilən halda uşaq pediatrın nəzarəti altında olmalıdır.
Əgər bu müddət ərzində təzyiq göstəriciləri hələ də dəyişməyibsə,
onda instrumental və laborator müayinələr aparılmalıdır. Bəzən
arterial təzyiqin sutkalıq monitorinqi həyata keçirilir.
Elektrokardioqrafiya (EKQ) müayinəsi uşağın həm sakit, həm də
fiziki yüklənmədən sonrakı vəziyyətində qeydə alınmalıdır.
Exokardioqrafiya (EXO) müayinəsi aparmaqla ürəkdə hansısa patoloji
vəziyyətin olub-olmaması müəyyən olunur. Böyrəklərin vəziyyətini
qiymətləndirmək üçün mütləq Ultrasəs müayinəsi (USM) aparılmalıdır.
Bütün bunlarla yanaşı, bəzi laborator müayinələrə də ehtiyac duyula
bilər.
Qeyd etdiyim kimi, ikincili artrerial təzyiq digər xəstəliklərin
simptomu kimi üzə çıxır. Əsas istiqamət də bu problemi yaradan
səbəbi aşkarlamaq və onu aradan qaldırmaqdır. Lazım olarsa,
kardioloq, endokrinoloq, nevropotoloq, uroloq kimi ixtisaslı
həkimlərin müayinəsi də aparılmalıdır.