Bakı. Trend:
Azərbaycan və Özbəkistan yükdaşımaları inkişaf etdirmək üçün birgə müəssisə yaratmağı planlaşdırlar.
Məlumatlı mənbədən Trend-ə verilən məlumata görə, bu birgə müəssisə daha çox Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaları təkmilləşdirmək məqsədi daşıyacaq.
Bundan başqa, mənbənin sözlərinə görə, Bakı və Daşkənd arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün bir sıra digər konkret tədbirlər hazırlanır. Xüsusilə, tərəflər bərə istehsalının təşkili, anbar infrastrukturunun yaradılması və sənədlərin elektron mübadiləsinə keçidi müzakirə edirlər.
Qeyd edək ki, 2023-cü ildə Özbəkistandan Avropaya yükdaşımaların həcmi 20 faiz artıb. Buna Xəzər dənizindəki dəniz limanları şəbəkəsi (Bakı, Astara, Lənkəran və Sumqayıt) də səbəb olub.
TBNM 2014-cü ildən fəaliyyət göstərir, lakin məhz 2023-2024-cü illərdə yük daşımalarında artım nümayiş etdirir. 2023-cü ildə TBNM ilə 2,7 milyon ton yük, 2024-cü ildə dəhliz 4,2 milyon tondan çox yük daşıya bilər.