Bakı. Trend:
Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, əsassız fikirlər səsləndirib. Bu günlərdə Avropa Parlamentində keçirilən müzakirələr zamanı növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqeyin nümayiş etdirilməsi siyasi simasızlığın və riyakarlığın təzahürüdür.
Məsələ ilə bağlı Trend-ə deputat Sevinc Hüseynova və deputat Müşfiq Cəfərov açıqlama verib.
S.Hüseynova bildirib ki, dünya ölkələrinin Azərbaycana göstərdiyi böyük etimadın təzahürü olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə saylı günlər qalıb.
““Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçiriləcək COP29 çərçivəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunun artması ilə yanaşı, bu sessiya imkan verəcək ki, ölkəmizin davamlı iqlim çərçivəsində verdiyi töhfələri dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. Bu da təbii ki, Azərbaycanın nüfuzunun artmasına imkan verir. Bu gözləntilər isə Azərbaycanın hər bir uğuruna qısqanclıqla yanaşan bir sıra ölkələri və beynəlxalq təşkilatları narahat edir. Onlar ənənəvi üsula əl ataraq Azərbaycana qarşı böhtan və şantaj kampaniyasını daha da fəallaşdırıblar.
Avropa Parlamentində müzakirələr zamanı Azərbaycana qarşı səsləndirilən qərəzli və əsassız fikirlər də bu qəbildən olan bir qarayaxma kampaniyasıdır. Azərbaycanın dünya ictimaiyyətinin diqqətində olmasına qısqanclıqla yanaşan Avropa parlamentariləri Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna mənfi təsir göstərmək və ölkəmizə təzyiq göstərməyə cəhd edirlər.
Çox əfsuslar olsun ki, torpaqlarımızın uzun illər işğal altında olması və işğal nəticəsində bir milyondan artıq insanımızın hüquqları pozularaq öz dogma yurdlarından didərgin salınması heç zaman Avropa parlamentarilərini maraqlandırmayıb”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı Aİ Komissarı Nikolas Şmitin səsləndirdiyi fikirlər tamamilə qərəzli münasibətdir.
“Ənənəvi olan münasibət bir daha səpkilənir, Xocalı qətliamının törədilməsində təqsirləndirilən müharibə cinayətkarlarının hərbi əsirlər kimi qaytarılması istənilir. Avropa Parlamenti daim Azərbaycana siyasi təzyiq göstərməyə çalışıb və bu gün də belə müzakirələrin keçirilməsi Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirilməlidir. Bu münasibət Qafqazda sülhün bərqərar olmasına mənfi təsir göstərir”, - deyə deputat əlavə edib.
M.Cəfərov isə bildirib ki, təəssüflər olsun ki, son zamanlar Avropa İttifaqına üzv olan dövlətlərin siyasətinin islamofobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq.
“Əslində bu anlayış Avropa qurum və təşkilatlarının əksəriyyətində öz əksini tapır. Bu qurumlar müsəlman və türk dövlətlərinə, xalqlarına qarşı ikili standartlar tətbiq edərək öz dəyərlərinə zidd qərarlar verirlər.
Bəşəriyyətə insani dəyərləri, xüsusilə şəffaf və prinsipial mövqeyini öyrətməyə çalışan Avropa müsəlman və türk məsələsində bütün bu vacib dəyərləri bir kənara qoyub yalan və böhtana əsaslanan təbliğatla hərəkət etməkdən çəkinmir. Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır. Hətta dünya nizamında tənzimləyici təşkilat kimi qlobal məsələlərə ədalətli yanaşaraq beynəlxalq hüququn aliliyini təmin etməli olduğu halda, Avropa İttifaqı son illərdə bəzi qüvvələrin sifarişlərinin icraçısına çevrildiyini sübut edir. Əgər əvvəllər Avropa İttifaqı ədalətə söykənən müstəqil siyasət yürüdürdüsə, indi Fransanın təsiri altında qərəzli qərarlar qəbul edərək, onun tapşırıqlarının icraçısı olub. Ona görə də kolonial siyasətini davam etdirən və xalqların hüquqlarını istismar edən Fransanın təsiri altına düşmüş Avropa İttifaqında beynəlxalq hüquq və ədalət tapdalanır.
Mən deyərdim ki, artıq İkinci Dünya müharibəsindən sonra qurulan nizam pozulub. Dünyada baş verən münaqişələrə ədalətli mövqedən yanaşaraq qərarlar qəbul edilməsə, bəşəriyyəti böyük faciələr gözləyir. Bu gün BMT kimi beynəlxalq əhəmiyyətli qurumun qətnamələri icra olunmadan tarixin arxivinə göndərilmiş kağız parçasına çevrilirsə, demək ədalət naminə yaradılmış bu qurumların heç biri işləmir. Bunun ən aşkar nümunəsi BMT TŞ-nın Azərbaycan ərazisi ilə bağlı qəbul olunmuş 4 qətnamənin icra etdirilməməsi oldu. Necə olur ki, torpaqlarımız işğal altında olduğu dövrdə çağırışlarımıza uyğun monitorinq missiyasını regiona göndərmək istəməyən BMT və Aİ İkinci Qarabağ müharibəsindən sonra missiyaçılıq mövqeyini üzərinə belə fədakarcasına götürdü? Heç bir beynəlxalq təşkilatda münaqişələrə münasibətdə dini mənsubiyyətə üstünlük verməməlidir. Hüquq bütün dövlətlərlə münasibətdə ali olmalı və qəbul olunan qərarlar ədalətə söykənməlidir. Məhz belə olan halda dünyada müharibələrə və münaqişələrə son qoyular, humanitar problemlər öz həllini tapacaqdır.
Biz sadaladığım problemləri qaldırdıqda isə Avropa İttifaqı və bu qəbildən olan qurumlar insan hüquqları barədə hesabatlar hazırlamağa və bu yalanlarla dolu hesabatları da beynəlxalq mətbuatda tirajlamağa başlayırlar. Mən tam əminliklə deyirəm ki, Avropa İttifaqının "Dünyada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabatları daxili işlərinə qarışmaq istədikləri dövlətlərə qarşı açıq-aşkar təhdiddən başqa bir şey deyil. Əgər bu hesabatların doğruluq payı olsaydı, hesabatlarda Fransa müstəmləkələrindəki vəziyyət və digər Avropa İttifaqı ölkələrindəki biabırçı vəziyyət də əlavə olunardı. Avropada polis zorakılığına məruz qalan insanların sayı göstərilməyən hesabatın nə kimi əhəmiyyəti ola bilər?
Hazırda dünya Fransanın timsalında 21-ci əsrdə neokolonializmin ən amansız və aşkar təzahürünü görür. Fransa beynəlxalq aləmin susqunluğundan cəsarətlənərək bu siyasətini ən sərt formada həyata keçirir. Yeni Kaledoniyada yaranan gərginlik zamanı polislə etirazçılar arasında dəfələrlə toqquşmalar yaşanıb. Dövlətin güc strukturu orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq edirlər. Amma bütün bunlar barədə isə heç bir beynəlxalq qurum, təşkilat danışmır, susqunluq nümayiş etdirir. Avropa Parlamentinin deputatları, Avropa Parlamentinin iş yerləri və sosial hüquqlar üzrə komissarı bu məsələyə diqqət yetirmirlər. Bütün bunlar Aİ üzv ölkələrin demokratik dəyərlərə və insan hüquqlarına verdiyi “dəyərin” ən bariz nümunəsidir, - deyə deputat əlavə edib.