Bakı. Trend:
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
Trend xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
"Nazir Babayevin rəhbərlik etdiyi COP Azərbaycan komandasının gərgin əməyini və peşəkarlığını yüksək qiymətləndirirəm", - o bildirib.
C.Podesta qeyd edib ki, burada COP29-da və ondan kənarda özəl sektor innovasiyaları davam etdirmək və sıfır emissiya iqtisadiyyatı qurmaq üçün təmiz enerji texnologiyalarına yeni və daha böyük sərmayələr yatırmağa davam etməlidir.
"Biz ABŞ-də və dünyada lider olmaq üçün submilli oyunçular olmağa davam edəcəyik", - o bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.