...

USAID-in dünya mediasında Azərbaycana qarşı aparılan kampaniyada xüsusi rolu olduğu ortaya çıxır – ŞƏRH

Siyasət Materials 7 Fevral 2025 10:43 (UTC +04:00)
USAID-in dünya mediasında Azərbaycana qarşı aparılan kampaniyada xüsusi rolu olduğu ortaya çıxır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Co Baydenin dövründə ABŞ administrasiyasının Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəst siyasətçilərin bu işlərdə əsas rollara cəlb edilməsi məlum idi. Viktoriya Nuland və digər departament rəsmiləri USAID adı altında dünya erməniçiliyinə dəstək verir və anti-Azərbaycan kampaniyasını davam etdirirdilər. USAID-in nəzdində NDI (National Democratic Institute), IRI (International Republican Institute), IFES (International Foundation for Electoral Systems) kimi qurumlar ABŞ Dövlət Departamenti, USAID-dən milyonlarla vəsait alıb müxtəlif ölkələrdə xaos və qarşıdurma yaradılmasına xidmət edirdilər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili bildirib ki, ABŞ-də dünya erməniçiliyi ilə bu təşkilatlar arasında müvafiq körpünün yaradılması funksiyasını erməni lobbiçiləri, erməni maraqlarına xidmət edən adamlar həyata keçirirdilər:

“Məsələn, senator Bob Menendez və onun erməniəsilli həyat yoldaşı, hansı ki bu gün korrupsiya skandalı ilə həbs edilib. Bu lobbiçilər erməni məsələsini ABŞ-nin nəzarətində olan KİV-də işıqlandırırdılar. Keçmiş separatçılar, Ruben Vardanyan və digərlərinin BBC-də “Hard Talk” verilişinə dəvət edilməsi, digər ABŞ KİV-də onların mövqeyinin sərgilənməsi bu təşkilatların birgə anti-Azərbaycan kampaniyalarının tərkib hissəsi idi. Bundan əvvəlki administrasiyada ABŞ xarici siyasətini həyata keçirən Co Bayden, Entoni Blinken, Bob Menendez, Adam Şiff kimi erməni lobbisindən vəsait alıb destruktiv fəaliyyətlə məşğul olan senatorlar - hər biri sistemli hərəkət edirdilər”.

Tural Gəncəliyev xatırladıb ki, artıq USAID və ona bağlı olan qurumların fəaliyyətinə xitam verilib.

“Nikol Paşinyanın son Vaşinqton səfərində fiaskoya uğradığını görürük. Paşinyan ABŞ-yə səfər etdi, ona dəstək verənlərlə görüşmək istəyirdi. Erməni lobbisi əlindən gələni etdi ki, onu Donald Trampla görüşdürsün, lakin bu baş tutmadı. Paşinyan və erməni diasporu, ABŞ-dəki erməni lobbisi və erməni kilsəsi arasında davam edən ixtilaflar onu göstərir ki, erməni məsələsində vəziyyət nə qədər mürəkkəbdir. Onların yeganə yolu Azərbaycanla yaxınlaşmaq, üzrxahlıq etmək və sülh müqaviləsi imzalamaqdan keçir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə Trend-ə açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp USAID-i böyükmiqyaslı korrupsiyalaşmış təşkilat adlandırıb. Təşkilatın ötən illər ərzində fəaliyyətinə diqqət yetirdikdə bunu açıq-aydın görmək mümkündür:

“USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiyanın inkişafı və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Əslində, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Bu qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycanda qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur, əsassız iddialar irəli sürürlər:

“Onların sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi də var. İndiyə qədər ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirdi və bütün bu işləri Viktoriya Nuland tərəfindən qurulmuş şəbəkə idarə edirdi. İndi isə bəlli olur ki, USAID-in dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada xüsusi rolu var imiş. Məsələn, “Politico” və BBC USAID tərəfindən ciddi maliyyə dəstəyi alırmış. Bu da aydın olur ki, niyə Böyük Britaniyanın yayım şikəti olan BBC Ruben Vardanyanı dəstəkləyirdi və hətta onu “Hard Talk” verilişinə dəvət etmişdi”.

Sevinc Fətəliyeva vurğulayıb ki, bu təşkilat son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir, Ermənistana isə “sevgi”sini daha da artırıb.

“Son bir neçə ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlı səfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir. Ötən il qurumun Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollaradək artıracağı elan olunmuşdu. USAID-in rəhbəri Samanta Pauer isə Ruben Vardanyandan 1 milyon ABŞ dollar məbləğində “mükafat” (əslində isə rüşvət) alıb. Bundan əlavə, ABŞ-nin keçmiş prezidenti Co Bayden, Entoni Blinken, Bob Menendez, Adam Şiff və digərləri də bu mafiya ilə əlaqəlidir. İndi isə bu əlaqələr ifşa olunur. Bütün bunlar USAID-in qeyri-şəffaf və korrupsiyalaşmış fəaliyyətlə məşğul olduğunu təsdiqləyir”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti