Bakı. Trend:
İran və Azərbaycan arasında nəqliyyat sektoru iki ölkə və bölgənin inkişafına təkan verəcək.
Bu sözləri Trend-ə müsahibəsində İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Südeyf Bədri deyib.
“İran və Azərbaycan arasında müştərək bağlar və bir çox sahələrdə ortaqlıq var. İki ölkə arasında son vaxtlar səfərlərin artdığı müşahidə olunur və bu da əlaqələrin daha da möhkəmlənməsinə şərait yarada bilər. İki qonşu ölkə arasında əlaqələrin, əsasən də, ticarət və iqtisadi əlaqələrin inkişaf etməsi və möhkəmlənməsi bölgəyə öz müsbət töhfəsini verə bilər”, - deyə o bildirib.
Bədri əlavə edib ki, Azərbaycan və İran arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi ən əhəmiyyət kəsb edən sahələrdən biridir:
"Azərbaycan və İran arasında nəqliyyat sektorunda dəmiryolu daha önəmlidir. İranın cənubundan şimal-qərbdə yerləşən Ərdəbil vilayətinə qədər tikilməkdədir. Son hissə Ərdəbil-Miyanə dəmiryolu xəttinin bu ilin sentyabr ayının sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub. Bu dəmiryolu xəttinin Parsabada qədər işlənməsi diqqət mərkəzindədir. Bu istiqamətlə də Azərbaycan dəmiryoluna birləşmək mümkündür".
İran parlamentinin rəsmisi qeyd edib ki, hazırda İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolu xəttinin tikilməsi planlaşdırılır.
"Bu dəmiryolu xəttinin İran və Rusiyanın əməkdaşlığı ilə tikiləcəyi gözlənilir. İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini daha da şaxələndirmək üçün ölkə ərazisində Xəzər dənizinin qərb hissəsində iki istiqaməti nəzərdə tutur. Bunlardan biri Rəşt-Astara dəmiryolu xətti, ikinsici isə Ərdəbil-Parsabad dəmiryolu xəttidir.
Bu dəmiryolu xətti iki ölkənin ticarət dövriyyəsinin artmasına, yüklərin daşınmasına kömək göstərə bilər. Hazırda dünyada yükdaşıma və tranzit ən böyük gəlir sahələrindən biri hesab olunur.
Uzaq keçmişdən bölgədə İpək Yolu marşrutu mövcud olub. Hazırda isə bu marşrut yeni vasitələrlə, o cümlədən, dəmiryolu ilə ilə həyata keçirilir. Ərdəbil-Parsabad dəmiryolu xətti İran hökumətinin də diqqət mərkəzindədir. Bununla əlaqədar İran prezidenti Məsud Pezeşkianla da danışıqlar aparılıb. Müxtəlif formada yatırımların edilməsi ilə bu dəmiryolu xəttinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Dəmiryolu xəttinin uzunluğu təxminən 250 kilometrdir”, - deyə o qeyd edib.
Bədri deyib ki, bu dəmiryolu xətlərindən biri Astaranı cənubda Hörmüzqan vilayətində Bəndər-Abbas limanına, Parsabadı isə cənub-qərbdə Xuzistan vilayətində İmam Xomeyni limanına birləşdirir:
"Bu dəmiryolu xətləri cənubda Fars körfəzini Qafqaz və Şərqi Avropa ölkələrinə birləşdirə bilər. İran üçün isə bunun qapısı Azərbaycandır. Ərdəbil-Parsabad dəmiryolu xəttinin xəritəsi hazırlanıb. Sadəcə podratçı şirkətin müəyyənləşdirilməsi qalır".
Onun sözlərinə görə, dəmiryolu xəttinin tikintisi ilə əlaqədar vəsaitin təmin olunması istiqamətində bir neçə xarici və yerli şirkətin də iştirak etməsi ilə əlaqədar müzakirələr aparılıb:
"Həm İranın Yol və Şəhərsalma Nazirliyi, həm də İranın Plan və Büdcə Təşkilatı bununla əlaqədar müzakirələr aparır. İlkin hesablamalara görə, bu dəmiryolu xəttinin tikintisinə 200 trilyon rial (təxminən 348 milyon dollar) vəsait tələb olunur".
Bədri sonda bildirib ki, İran və Azərbaycan arasında elektrik mübadilələrinin artırılması üçün münasib şərait var.
"İranın Ərdəbil vilayətində elektrik idxalı və ixracı üçün müxtəlif imkanlar yaradılıb. Bu vilayətdə istehsal olunan elektrik ölkənin digər vilayətlərinə ötürülür və vilayətin elektrik şəbəkəsi ölkənin elektrik şəbəkəsinə qoşulub", - o yekunlaşdırıb.