Bakı. Trend:
İtkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidi ciddi şəkildə maneçilik törədir.
Trend xəbər verir ki, bunu bu gün 1Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger ilə görüşü zamanı deyib.
Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğu, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşdüyünü diqqətə çatdırıb.
2023-cü ildən etibarən ölkəmizin bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə aktiv rolu qeyd edilib.
İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacib olduğu vurğulanıb.
Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb. Ölkəmizin indiyə qədər işğaldan azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Bununla yanaşı, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneçilik törətdiyi bildirilib.