...

BMT-nin Baş Qərargahında Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi keçirilir (FOTO)

Siyasət Materials 24 Mart 2025 23:38 (UTC +04:00)
BMT-nin Baş Qərargahında Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi keçirilir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 24-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunan fotosərgi açılıb.

Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sərgi Azərbaycandakı minatəmizləmə işlərinə dair təsirli vizual səyahət təqdim edir.

Eksponatlar arasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fədakar minatəmizləyicilərinin heyrətamiz görüntüləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcı maddələr və minalar, habelə minaların və müharibənin partlayıcı qalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyani sübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işlərinin ətraflı vizual təsviri təqdim olunur, həmçinin minatəmizləyicilərin qəhrəman işləri, minalarla çirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində aparılan davamlı səylər işıqlandırılır.

Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanın ərazisinin 13%-dən çoxunu əhatə edən minalarla çirklənmənin miqyasını nümayiş etməklə, bu sahədə məlumatlılığı artırmaq, beynəlxalq dəstəyi təşviq etmək və minaların və müharibənin partlayıcı qalıqlarının mövcudluğundan irəli gələn Azərbaycanın üzləşdiyi mürəkkəb problemlərlə bağlı daha geniş kütlənin anlayışını gücləndirməkdir. Təkcə 2020-ci ilin noyabr ayından bu yana 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub – onlardan 70 nəfər həyatını itirib, 314 nəfər isə ağır yaralanıb. Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanların sayı 3463 nəfərə çatıb.

Sərgi ilə yanaşı, 4 aprel tarixində BMT-nin Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birgə “Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti ilə insanların həyatının xilas edilməsi” adlı brifinq təşkil ediləcəkdir. “Minalarla Mübarizəyə Yardım və Mina Maarifləndirilməsi üzrə Beynəlxalq Gün” münasibətilə keçiriləcək bu brifinqdə Azərbaycanın humanitar minatəmizləmə işlərinin vacib aspektlərindən bəhs ediləcək. Brifinqin məqsədi, humanitar minatəmizləmə tədbirlərinin təkcə insan həyatını xilas etmək üçün deyil, həm də Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinə nail olmaq yolunda maneələrin aradan qaldırılması istiqamətində vacibliyinin diqqətə çatdırılmasıdır.

Beynəlxalq diplomatik ictimaiyyətin minlərlə üzvlərinin, həmçinin BMT heyətinin və digər ziyarətçilərin tanış olacağı sərgi martın 24-dən aprelin 4-dək nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti