Bakı. Trend:
Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata
keçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatə
edən işğal dövrü ilə məhdudlaşmır. Hələ XIX əsrin əvvəllərində çar
Rusiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi
Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki yüz il
ərzində bu bölgənin bütün yerli sakinlərinə və ilk növbədə
azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi
deportasiyalar, qətliamlar həyata keçirmişlər.
Bu sözləri Trend-ə açıqlamasında
Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində
ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı
hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir.
“Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra tarixdə ilk dəfə
olaraq, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və
torpaqlarımızın bir əsrdən artıq davam edən işğalına milli hökumət
tərəfindən siyasi qiymət vermək cəhdi edildi. Lakin Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra milli əhəmiyyət kəsb edən bir
çox məsələlər kimi, “Mart qırğınları” mövzusu da ciddi qadağalar
altına düşdü. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən
sonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31
Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və
həqiqətlərin qlobal miqyasda dünyaya yayılması istiqamətində əsaslı
şəkildə işə başlanıldı”.
K.Qafarov Azərbaycan dövlətinin uzun illər ərzində göstərdiyi ciddi
səylər nəticəsində bu gün artıq bütün dünya ictimaiyyətinin erməni
millətçilərinin tarixin müxtəlif mərhələlərində xalqımıza və
Azərbaycan ərazilərində yaşayan digər xalqlara qarşı törətdikləri
etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət
qədər məlumatlı olduğunu diqqətə çatdırıb: “Rusiyada baş vermiş
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin
mart ayından “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında
maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə
Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı
həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3
aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil
olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc
sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib,
yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və
qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da
azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam
etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata
keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan
xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər
millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına
və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi
dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart
tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”
Fərmanla azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli
söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart
“Azərbaycanlıların Soyqırımı Günü” elan olundu”.
K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi
Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən
qurtardığını vurğulayıb: “Azərbaycan xalqı 2003-2020-ci illər
ərzində Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz gələcəyi
naminə əzm və fədakarlıqla çalışaraq dövlətimizin gücünün,
qüdrətinin daha da artmasına nail oldu. 2020-ci ilin
sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən
Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son
qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün
davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi
bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi
Qələbəsi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə şanlı ordumuz həm də uzun illər boyunca bütün Cənubi
Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı.
Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin
ruhlarını şad etdi”.