Xankəndi. Trend:
Qarabağda aparılan bərpa işləri böyük təəssürat doğurur.
Bunu Trend-ə İtaliyanın İnsan haqqları Federasiyasının prezidenti Antonio Stanqo ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Stanqo Qarabağda hadisələrin inkişafını uzun illər ərzində diqqətlə izlədiyini və vəziyyətin yaxşılığa doğru dəyişməsinə daima maraq göstərdiyini diqqətə çatdırıb.
“Şəxsən mənim üçün buraya səfər edib, vəziyyətin necə dəyişdiyini gözlərimlə görmək vacibdir”, - deyə o bildirib. Federasiya rəhbərinin sözlərinə əsasən, sabitləşmə və sülh istiqamətində addımları davam etdirmək lazımdır və bu, bütün region üçün prioritet məsələdir.
O, eyni zamanda, konfransın yeni dünya düzəninə həsr olunmuş mövzusunun aktuallığını vurğulayıb.
Bununla belə, onun bildirdiyinə görə, əldə olunmuş sabitlikdən danışmaq hələ çox erkəndir. Təhlilçi bu cür forumlarda iştirakın regionda sülhün bərqərar olması üçün yeni ideyalar və yanaşmaların ərsəyə gəlməsinə vəsilə olacağına ümidvar olduğunu bildirib.
“Mən bu forumda iştirak etmək fürsətini səbirsizliklə gözləyirdim. Bundan əvvəl mən Qarabağın başqa ərazilərində olmuşam, Xankəndiyə isə ilk səfərimdir. Vəziyyətin burada inkişafını görmək böyük maraq doğurur”, - deyə Federasiya prezidenti vurğulayıb.
Regionun perspektivlərindən söz açan Stanqo Qarabağda mühüm işlərin aparıldığını qeyd edib. O, infrastruktur layihələrinin və iş yerləri və həyat perspektivlərinin təmin olunması ilə insanların doğma yurdlarına qaytarılmaları ilə bağlı planların yekunlaşdırılmasının vacibliyini vurğulayıb.
“Bu, təkcə yerli hakimiyyətin yox, həm də beynəlxalq əməkdaşlığın səylərini tələb edən nəhəng bir işdir. Mən bilirəm ki, bunda italyan şirkətləri də iştirak edir və bu, regionun bərpası üçün vacib bir addımdır”, - deyə o əlavə edib.