Bakı. Trend:
Türk dövlətlərinin parlamentlərarası əməkdaşlığı çərçivəsində siyasi və təhlükəsizlik məsələləri üzrə müntəzəm dialoqun davam etdirilməsi vacibdir.
Trend xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Kutbidin Burxanov bu gün Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında deyib.
"Mürəkkəb və çoxqütblü beynəlxalq vəziyyəti nəzərə alaraq, terrorizm, ekstremizm, narkotik vasitələrin dövriyyəsi və kibertəhlükəsizlik kimi qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün türk dövlətləri parlamentlərinin komitələrinin regional əməkdaşlığı dərinləşdirməsi xüsusilə vacibdir", - o bildirib.
Onun sözlərinə görə, Özbəkistan milli təhlükəsizliyini təmin etmək üçün artıq bir sıra strateji tədbirlər həyata keçirib.
"Əsas təşəbbüslərdən biri 2023-cü ildə milli təhlükəsizliyin və ərazi bütövlüyünün qorunması, cəmiyyətdə sülhün və harmoniyanın qorunması, ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin inkişafı və rəqəmsal texnologiyaların tətbiqi kimi prioritetləri əks etdirən "Özbəkistan-2030” strategiyasının qəbul edilməsi olub", - Burxanov bildirib.
Onun sözlərinə görə, bu strategiyaya əsaslanaraq Özbəkistan hərbi-elmi və sənaye potensialının inkişafına, ordunun döyüş hazırlığının yüksəldilməsinə, müasir silahlarla, texnologiyalarla təchiz edilməsinə və kadrların hazırlanmasına diqqəti artırır.