Bakı. Trend:
"Baku Network" ekspert platformasında “Tofiq Abbasovla Dialoq” analitik layihəsinin böyük əks-səda doğuracaq buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı Cənubi Qafqaz regionunun ən nüfuzlu tarixçiləri və analitiklərindən olan - tarix üzrə fəlsəfə elmləri doktoru, professor Cəbi Bəhramov olub.
Trend xəbər verir ki, söhbətin gedişində “Böyük Ermənistan” ideologiyası, onunla bağlı miflər və bu miflərin ermənilərin regiondakı reallıqları qavramasına təsir edən fəsadları müzakirə olunub.
Söhbət onunla başlayıb ki, C.Bəhramov erməni ideoloji mifologiyasının köklərinə, 1980-ci illərin sonlarına - “Azərbaycana qarşı elan olunmamış, lakin dəqiq ssenariləşdirilmiş revanşizmin başladığı dövrə qayıdıb.
Verilişin əsas hissələrindən biri qədim dillər üzrə mütəxəssis, akademik İqrar Əliyevin adı ilə bağlı oldu. Məhz onun tövsiyəsi ilə Bəhramov akademik Potyomkinin redaktorluğu ilə nəşr olunan “Diplomatiya tarixi” (1941, yenidən nəşr – 2006) adlı əsəri araşdırıb. Bu əsərdə Roma imperiyasının Şərq siyasəti təhlil olunur. Orada qeyd olunur ki, hələ təxminən 2000 il əvvəl Şərqdə münaqişənin “yeganə mənbəyi” kimi “guya mövcud olan erməni knyazlığı” göstərilirdi. İmperator Neron ermənilərin xəyanət edəcəyindən ehtiyatlandığı üçün həmin ərazilərə erməni olmayan bir canişin təyin etməyi təklif etmişdi. C.Bəhramov bu faktı belə şərh edir: “2000 il keçib, amma mahiyyət dəyişməyib”.
Tarixçi rusiyalı şərqşünas Semyonovun 1975-ci ildə Moskvada nəşr olunmuş əsərini misal çəkib. Bu əsərdə açıq şəkildə bildirilir ki, ermənilər səlib yürüşləri dövründə Bizansın vətəndaşları olduqları halda, səlibçilərə Mesopotamiya üzərindən yol göstərərək “öz dövlətlərini yad ideologiya naminə satmışdılar”.
Söhbət zamanı II Nikolay tərəfindən Eçmiədzinə təyin olunmuş prokuror Frenkelin rəsmi arayışından heyrətamiz bir fraqment səsləndirildi. Frenkel bu sənəddə qeyd edirdi ki, erməni xalqı “dövlət quruculuğu qabiliyyətinə malik deyil” və “bəşəriyyətə heç bir əhəmiyyətli şəxsiyyət bəxş etməyib”, xəyanət isə “onların milli xüsusiyyətidir”. Bu sənəd 1989-cu ildə Ziya Bünyadov tərəfindən dərc olunub, sonradan ingilis və azərbaycan dillərinə tərcümə edilib.