...

Milli Qurtuluş Günü Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarixdir

Siyasət Materials 13 İyun 2025 17:17 (UTC +04:00)
Milli Qurtuluş Günü Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarixdir

Bakı. Trend:

1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik, dövlətçilik və siyasi tarixində əlahiddə yeri var. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan bu tarix müstəqilliyimizin və dövlətimizin xilas günüdür. Ona görə iyunun 15-i respublikamızda dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd olunur. Müasir Azərbaycanın bütün uğurları öz başlanğıcını Milli Qurtuluş Günündən götürür.

Müstəqilliyimizin ilk illərində respublikamızda yaranmış siyasi situasiyanı yaxşı xatırlayırıq. AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz fəaliyyəti dövlət idarəçiliyini demək olar ki, iflic vəziyyətinə salmışdı. Hakimiyyəti zorakı yolla ələ keçirən bu qaragüruh qruplaşma mövcud idarəçilik sistemini sıradan çıxarmış və nəticə etibarilə ölkədə xaotik vəziyyət yaratmışdı. Bütün bunların nəticəsi kimi respublikada həyatın bütün sahələrini böhran bürümüş, iqtisadiyyat çökmüş, inflyasiya tarixdə görünməmiş dərəcədə yüksəlmiş, əhalinin sosial vəziyyəti ağırlaşmışdı.

Ən acınacaqlısı isə o idi ki, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdə, dövlətimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. Xalqımız 1920-ci ildə olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamağa və müstəqilliyini itirməyə çox yaxın idi. Bundan daha ağırı o idi ki, Azərbaycan həm də parçalanmaq və xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

1993-cü il iyun ayının 4-də Gəncədə hərbi qarşıdurmanın baş verməsi respublikadakı siyasi gərginliyi daha artırmışdı. Azərbaycan artıq uçurumun kənarında, məhv olmağın bir addımlığında idi. Baş verən hadisələr, cərəyan edən proseslər həm də onu diqtə edirdi ki, vəziyyətdən çıxış üçün Azərbaycan xalqının güclü siyasi liderə ehtiyacı var idi. Həmin lider isə o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyev idi. Təsadüfi deyil ki,1993-cü ilin ağır iyun günlərində bütün Azərbaycan ictimaiyyəti, o cümlədən ölkədə böhranlı və gərgin vəziyyətin yaranmasına səbəb olmuş siyasi qruplar da vəziyyətdən çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib:

“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar da belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Xalqın təkidli istək və çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəki vəziyyəti kökündən dəyişərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimi xilas missiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı, ilk növbədə hərbi qarşıdurmanın, silahlı dəstələrin Bakıya yürüşünün qarşısını aldı. İyun ayının 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Cəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürü, habelə bütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözün bütün mənalarında xalqımızın milli qurtuluşu oldu. Bununla da müasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandı. Bu mərhələdə xilaskarlıq missiyasını layiqincə yerinə yetirən Ulu Öndər müstəqilliyimizi bütün təhlükələrdən və təhdidlərdən qətiyyətlə qorudu. Məhz Heydər Əliyevin sayəsində respublikamızda baş qaldırmış separatçılıq meyillərinin qarşısı alındı, dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısı iflasa uğradıldı.

Milli Qurtuluşdan başlanmış siyasi proseslərin məntiqi davamı olaraq Heydər Əliyevin 1993-cü ilin oktaybr ayında Azərbaycan Prezidenti seçilməsi isə respublikamızda tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olundu. Heydər Əliyevin siyasi qətiyyətinin və müdrikliyinin nəticəsi kimi ictimai-siyasi sabitlik təmin edildi, cəmiyyətimizdə əmin-amanlıq yaradıldı, iqtisadiyyatda tənəzzülə son qoyuldu, ölkəmiz inkişaf yoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycan ordusu nəinki Ermənistanın işğalçı hücumlarının qarşısını aldı, o cümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi.

Beləliklə, Milli Qurtuluşdan başlanan dəyişikliklər qısa zamanda bütün sahələrdə özünü göstərməyə başladı. 1994-cü ilin may ayında cəbhədə atəşkəsin əldə edilməsi isə qarşıda duran vəzifələrin daha sürətlə həyata keçirilməsi üçün zəmin yaratdı. Dövlət quruculuğu prosesini uğurla həyata keçirən Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının iftixar və ləyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndi və xalqımız bütün problem və təhlükələrdən alnıaçıq, layiqli şəkildə xilas oldu.

Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarix kimi qəbul edir. Böyük məmnunluqla qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolu, beynəlxalq birlikdə nüfuz sahibinə çevrilməsi Milli Qurtuluşla başlanan qürur tariximizi daha da şərəfləndirir. Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isə göstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yolu Azərbaycanı həm də yeni zəfərlərə aparır.

Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin təməlləri güclü və sarsılmazdır. Heç bir qüvvə Azərbaycan üçün təhlükə və təhdid doğura bilməz.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti