...

Sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri etik auditdən keçməlidir – Səbinə Salmanova

Siyasət Materials 7 Oktyabr 2025 11:34 (UTC +04:00)
Sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri etik auditdən keçməlidir – Səbinə Salmanova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt yalnız inkişaf üçün deyil, sosial bərabərlik və rifah üçün də vacibdir. Ucqar bölgələrdə yaşayan insanlar üçün təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı genişlənə bilər. Yəni süni intellekt, düzgün tətbiq olunsa, cəmiyyətdə kənarda qalan insanları da önə çıxara bilər.

Trend xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) üzvü, Milli Məclisin deputatı Səbinə Salmanova Bakıda QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt - sosial aspektlər” adlı məruzəsində deyib.

S.Salmanova vurğulayıb ki, lakin təhlükə də var, çünki bütün bu imkanlardan hamı bərabər şəkildə faydalana bilmir. Ona görə də atılan addımlar yalnız texnologiya yönümlü deyil, ədalətli, əhatəli və etik olmalıdır:

“Süni intellekt bir çox prosesi daha sürətli və rahat edib. Amma bu dəyişikliklər sosial nəticələrə də səbəb olur. İnsanlar texnologiya ilə daha çox vaxt keçirdikcə birbaşa ünsiyyət azalır, sosial əlaqələr dəyişir. Digər tərəfdən, texnologiyadan istifadə edənlərlə edə bilməyənlər arasında rəqəmsal uçurum yaranır. Xüsusilə ucqar kəndlərdə yaşayan bəzi insanlar var ki bu sistemlərə uyğunlaşmaqda çətinlik çəkirlər. Nəticədə təhsil, səhiyyə, sosial yardım kimi vacib xidmətlərdən yararlana bilmirlər. Halbuki süni intellekt düzgün tətbiq olunsa, bu insanlar onlayn dərslər, avtomatlaşdırılmış tibbi xidmətlər və digər yollarla yeni fürsətlər yarada bilər”.

Millət vəkili vurğulayıb ki, bu imkanların gerçəkləşməsi üçün dövlətlərin və şirkətlərin sosial məsuliyyət daşıması vacibdir. Süni intellekt yalnız iqtisadi qazanc üçün deyil, cəmiyyətin inkişafı üçün istifadə olunmalıdır:

“Süni intellektin sosial həyatımıza təsiri dövlət xidmətlərində daha çox hiss olunur. Artıq bir çox ölkədə xidmətlər avtomatlaşdırılır – vətəndaşların ehtiyacları əvvəlcədən proqnozlaşdırılır və daha sürətli cavab verilir. Bu, daha çevik və şəffaf xidmətlər deməkdir:

  • Səhiyyədə süni intellekt analizlər vasitəsilə həkimlərə kömək edir
  • Təhsildə fərdi tədris proqramları hazırlanır
  • Sosial yardıma ehtiyacı olan insanlar daha dəqiq müəyyən edilir.

Amma qərarların süni intellekt tərəfindən verilməsi həm fürsət, həm risk yaradır. Əgər sistemin məlumatları qərəzlidirsə, qərarlar da qərəzli olacaq. Buna görə etik dəyərlər, şəffaflıq və ictimai iştirak əsas rol oynamalıdır”.

Deputat bildirib ki, süni intellekt Azərbaycanda da dövlət səviyyəsində prioritet istiqamət olub:

“Ən mühüm addımlardan biri “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası”dır. Bu sənəd süni intellektin ölkə üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir. Texnologiyanın inkişafı təkcə infrastrukturla məhdudlaşmır. Hüquqi çərçivə, təhlükəsizlik, şəxsi məlumatların qorunması və etik standartlar da bu prosesin ayrılmaz hissəsidir. Hələ ölkəmizdə süni intellektlə bağlı ayrıca qanun formalaşmasa da, bu mövzu artıq cəmiyyətin diqqət mərkəzindədir. Əsas məqsəd odur ki, süni intellekt insan hüquqlarını və sosial ədaləti qoruyan bir mexanizm kimi inkişaf etdirilsin. Məlumatların işlənməsi zamanı vətəndaşların razılığı və məlumatın necə istifadə olunacağı şəffaf bildirilməlidir. Bundan əlavə, süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün də əlçatan olmalıdır.

Nəticə etibarilə, Azərbaycanda süni intellektin inkişafı üçün siyasi iradə mövcuddur, infrastruktur qurulub. İndi əsas məsələ bu texnologiyanın hüquqi və sosial baxımdan düzgün istiqamətə yönəldilməsidir.

Parlamentari əlavə edib ki, bu məsələlərdə parlamentin üzərinə çox böyük məsuliyyət düşür.

“Çünki bu texnologiyanın cəmiyyətə təsiri, vətəndaşların hüquqları və həssas qrupların imkanlardan faydalanması qanunvericilikdən asılıdır.

Birinci, biz bu sahədə etik və hüquqi çərçivə yaratmalıyıq. Səhiyyə, təhsil, sosial yardım və dövlət xidmətlərində şəffaflıq, ayrı-seçkilik etməmə və insan nəzarəti prinsipləri qanunla təsbit olunmalıdır.

İkinci məsələ, alqoritmlərin səhv etmə risklərinin idarə edilməsidir. Məsələn, sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri qərəzli ola bilər. Ona görə qanunla tələb olunmalıdır ki, bu sistemlər etik auditdən keçsin.

Üçüncü, qəbul edilən normativ aktlar beynəlxalq standartlarla uyğunlaşmalıdır. müstəqil süni intellekt müşahidə mərkəzi yaradılmalıdır.

Dördüncü, əmək bazarına təsir məsələsidir. Süni intellekt bəzi peşələri aradan qaldıracaq, amma yenilərini yaradacaq. Parlament gələcəyə yönəlmiş əmək sahəsini tənzimləyən normativ aktları qəbul etməli, sosial müdafiə şəbəkələrini yenilənməsi və rəqəmsal savadlılıq proqramlarına ayrılan büdcəyə xüsusi diqqət yetirməlidir.

Beşinci məsələ gənclər və təhsildir. Gənclər süni intellektin ən aktiv istifadəçiləridir. Bunu nəzərə alaraq, təhsil proqramlarında rəqəmsal savadlılıq və etik süni intellekt bilikləri əsas fənlərə daxil edilməlidir.

Nəhayət, parlamentin ən önəmli rolu şəffaflıq və ictimai nəzarəti qorumaqdır. Komitə dinləmələri, ictimai müzakirələr və açıq məlumat ekosistemləri vasitəsilə süni intellektlə bağlı qərarlar xalqın gözü qarşısında olmalıdır. Bu həm etimadı gücləndirəcək, həm də demokratik hesabatlılığı təmin edəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti