Bakı. Trend:
ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində ilk dəfə olaraq TÜRKPA-nın koordinatorluğu və Türkiyə Böyük Millət Məclisinin ATƏT-dəki nümayəndə heyətinin sədri cənab Selami Altınokun ev sahibliyində ATƏT-dəki nümayəndə heyətlərinin koordinasiya iclası baş tutub.
Trend xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri iştirak edib.
Selami Altınok bütün qonaqları salamlayaraq koordinasiya görüşünün əhəmiyyətini vurğulayıb. O, qardaş türk dünyası ölkələrinin nümayəndə heyətlərinin belə görüşlərinin ortaq tarixi və mədəni irsin bölüşülməsi baxımından mühüm olduğunu qeyd edərək, bunun türk dövlətləri arasında davamlı əməkdaşlıq və birliyin daha da güclənməsinə xidmət edəcəyini bildirib.
İclasda ortaq əməkdaşlığın gücləndirilməsi, ATƏT PA və digər beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara xidmət edən birgə fəaliyyət mexanizminin və yol xəritəsinin hazırlanması, habelə TÜRKPA Beynəlxalq Katibliyinin 2008-ci ildə imzalanmış qurucu İstanbul Sazişinin müvafiq müddəalarına əsasən bu koordinasiya prosesində hərtərəfli iştirak etməsi və tərəflər arasında onlayn və oflayn əlaqələrin lazımi səviyyədə təmin edilməsi kimi mühüm məsələlər müzakirə edilib.
Bundan başqa, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu alması ilə bağlı Qazaxıstan tərəfinin irəli sürdüyü təklif bütün iştirakçılar tərəfindən dəstəklənib və bu istiqamətdə konkret addımların atılması barədə ortaq mövqe ifadə edilib.
TÜRKPA Baş katibi cənab Ramil Həsən çıxışı zamanı bu istiqamətdə TÜRKPA Beynəlxalq Katibliyinin üzərinə düşəcək bütün vəzifələri məsuliyyətlə icra edəcəyini bildirirərək üzv ölkələrin parlament sədrlərinə və nümayəndə heyətlərinə proses haqqında ətraflı məlumat veriləcəyini qeyd edib. O həmçinin vurğulayıb ki, gələcəkdə üzv ölkələrin ortaq maraqlarına xidmət edəcək məsələlərin səsvermədən əvvəl müzakirəyə çıxarılması və ehtiyac yarandıqda tövsiyə xarakterli qərarların qəbul olunması üçün TÜRKPA Beynəlxalq Katibliyində bütün imkanlar mövcuddur və bu imkanlar qardaş Türk dövlətlərinin və onların parlamentlərinin birliyinə xidmət edir.
Koordinasiya iclasında Özbəkistan Respublikası Ali Məclisinin hər iki palatasının nümayəndələrinin iştirakından istifadə edən cənab Ramil Həsən, Özbəkistanın yaxın zamanda TÜRKPA-da üzvlük əldə etməsi ilə bağlı çağırışını yenidən səsləndirib.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova da iştirak edib.
