...

Bakı-Belqrad əməkdaşlığı yalnız iki ölkənin deyil, daha geniş regionun gələcək inkişaf xəritəsini formalaşdırır - Azər Qarayev

Siyasət Materials 17 Fevral 2026 19:48 (UTC +04:00)
Bakı-Belqrad əməkdaşlığı yalnız iki ölkənin deyil, daha geniş regionun gələcək inkişaf xəritəsini formalaşdırır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu səfər çərçivəsində Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirilən yüksək səviyyəli görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası və imzalanmış çoxsaylı hökumətlərarası sənədlər göstərdi ki, Bakı ilə Belqrad artıq ənənəvi diplomatik əməkdaşlıq modelindən çıxaraq uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə daxil olub.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Bu səfər yalnız ikitərəfli münasibətlərin intensivləşməsi baxımından deyil, həm də Avropanın dəyişən enerji, təhlükəsizlik və iqtisadi arxitekturası fonunda xüsusi əhəmiyyət daşıyır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi konsepsiyası köklü şəkildə dəyişib və bu dəyişiklik Azərbaycan kimi etibarlı enerji ixracatçılarını, Serbiya kimi isə Balkanlarda əsas tranzit və istehlakçı ölkələri strateji tərəfdaşlara çevirir.

Azərbaycan–Serbiya münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiç arasında formalaşmış şəxsi münasibətlər həlledici rol oynayır. Vuçiçin "sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda" sözləri bu münasibətlərin sadəcə protokol xarakteri daşımadığını göstərir", - o bildirib.

Onun sözlərinə görə, eyni zamanda Prezident İlham Əliyevin Vuçiçin fəaliyyətinə verdiyi yüksək qiymət, tərəflər arasında dərin siyasi hörmətin mövcudluğunu nümayiş etdirir. Məhz bu liderlərarası etimad sayəsində strateji qərarlar sürətlə qəbul olunur və onların icrası real mexanizmlərlə təmin edilir.

"Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclası Azərbaycan–Serbiya münasibətlərinin artıq təsadüfi və ya epizodik deyil, sistemli xarakter aldığını göstərir. Bu format Azərbaycan üçün yalnız seçilmiş ölkələrlə tətbiq edilir və Serbiyanın bu siyahıya daxil olması Balkan regionuna verilən xüsusi önəmin göstəricisidir.

Şuranın gündəliyinə energetika, sənaye, investisiya, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, idman, media və səhiyyə sahələrinin daxil edilməsi əməkdaşlığın çoxşaxəli xarakterini ortaya qoyur. Bu model klassik “enerji müqaviləsi” formatından kənara çıxaraq real iqtisadi inteqrasiya mərhələsinə keçidi ifadə edir", - o bildirib.

A.Qarayev qeyd edib ki, energetika Azərbaycan–Serbiya münasibətlərinin əsas hərəkətverici qüvvəsidir.

"Azərbaycan artıq Serbiyaya qaz ixrac edir və bu, Balkan regionunun enerji balansında Bakının rolunu əhəmiyyətli dərəcədə artırıb. Lakin Belqradda razılaşdırılan yeni layihələr bu əməkdaşlığı daha dərin səviyyəyə qaldırır. Serbiyada 500 meqavatlıq qazla işləyən elektrik stansiyasının birgə tikilməsi təkcə bir enerji obyekti deyil, regional enerji təhlükəsizliyi layihəsidir. Bu stansiya Serbiyanın idxaldan asılılığını azaldacaq, Azərbaycan üçün isə Avropa enerji bazarında dəyər zəncirinin yuxarı mərhələsinə – yəni xammaldan hazır məhsula keçidi təmin edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ixrac potensialı hazırda 2 giqavatdır və 2032-ci ilə qədər əlavə 8 giqavat güc yaradılacaq. Bu, Azərbaycanın Avropanın yaşıl və təhlükəsiz enerji məkanında əsas oyunçulardan birinə çevrildiyini göstərir", - o bildirib.

Politoloq vurğulayıb ki, Serbiya coğrafi mövqeyinə görə Balkanlarda enerji tranziti üçün ideal platformadır. Azərbaycan qazı və gələcəkdə Azərbaycan mənşəli elektrik enerjisi Serbiya üzərindən Mərkəzi Avropaya və Cənubi Avropa bazarlarına çıxa bilər. Bu isə Bakının Avropa enerji təhlükəsizliyində rolunu strukturlaşdırılmış və uzunmüddətli xarakterə çevirir.

"Serbiya üçün isə bu əməkdaşlıq enerji suverenliyi deməkdir. Öz elektrik istehsal gücünü artıran Belqrad həm daxili sənayenin, həm də gələcək məlumat mərkəzlərinin və rəqəmsal iqtisadiyyatın enerji tələbatını təhlükəsiz şəkildə təmin edə biləcək. İmzalanmış iqtisadi sənədlər göstərir ki, Azərbaycan artıq Serbiyanı sadəcə siyasi tərəfdaş kimi deyil, strateji investisiya platforması kimi də görür. Qaz-turbinalı elektrik stansiyası, energetika, kənd təsərrüfatı və sənaye sahələrində planlaşdırılan layihələr qarşılıqlı kapital axınını stimullaşdıracaq. Serbiya isə Azərbaycan üçün Avropa İttifaqı bazarına açılan iqtisadi qapı rolunu oynaya bilər. Bu, xüsusilə qeyri-neft sektoru üçün yeni ixrac və istehsal imkanları yaradır. Bakı–Belqrad birbaşa uçuşlarının açılması iqtisadi əlaqələr qədər humanitar və mədəni əlaqələrə də güclü impuls verəcək. Turizm, tələbə mübadiləsi, biznes forumları və sərgilər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bu reyslər Azərbaycan və Serbiya xalqları arasında birbaşa təmasları artıraraq siyasi tərəfdaşlığın sosial dayaqlarını möhkəmləndirəcək. Azərbaycan və Serbiya beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, regionlarında mürəkkəb təhlükəsizlik çağırışları ilə üzləşən hər iki ölkə üçün mühüm siyasi təminatdır. Bu qarşılıqlı dəstək enerji və iqtisadi əməkdaşlıqla birləşərək real strateji alyans yaradır", - o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri göstərdi ki, Bakı ilə Belqrad arasında qurulan münasibətlər artıq taktiki deyil, strateji xarakter daşıyır.

"Enerji, investisiya, nəqliyyat və siyasi koordinasiya sahələrində qurulan bu tərəfdaşlıq Cənubi Qafqaz ilə Balkanlar arasında yeni güc və əməkdaşlıq oxu yaradır. Bu ox yalnız iki ölkənin deyil, daha geniş regionun gələcək inkişaf xəritəsini də formalaşdırır", - politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti