Bakı. Trend:
Azərbaycanın dünyada artan nüfuzu, ABŞ kimi supergüclə bərabər sülh və təhlükəsizliyə töhfə verməsi ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdən dairələri daha da azğınlaşdırıb.
Bunu Trend-ə siyasi şərhçi, Trend BİA-nın baş direktorunun müavini Sahil Kərimli bildirib.
O qeyd edib ki, Sülh Şurasının ilk iclasının keçirildiyi ərəfədə bir qrup radikal ünsürün təxribat törətməsi antiazərbaycan və ermənipərəst siyasi dairələrin növbəti rəzil əməlidir:
“Azərbaycan adına ləkə olan bu şəxslərin əsas məqsədi bir mərkəzdən aldıqları tapşırıqla ölkəmizi gözdən salmaq, nüfuzuna xələl gətirmək, guya Azərbaycana iyrənc təzyiq göstərərək nəyəsə nail olmağa cəhddən ibarətdir. İstər Münxendə keçirilən tədbirlər zamanı Avropadakı mühacirlərin törətdiyi təxribatlar, istərsə də Amerikada baş verən son hadisələr açıq-aydın göstərir ki, bir qrup siyasi dairələr bu üsulla Azərbaycanı milli maraqlara əsaslanan siyasətdən çəkindirməyə, xüsusilə bəzi tələblərini qəbul etdirməyə çalışırlar".
Siyasi şərhçi bildirib ki, bu kimi cılız ssenarilər və mənfur cəhdlər həmişə olduğu kimi yenə iflasa uğrayıb. Çünki həmişəki tək ortada Azərbaycan dövlətinin sərt və qətiyyətli siyasi idarəsi var:
“Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin Amerika polisi ilə birgə qarşısını peşəkarlıqla aldığı təxribatın videogürüntüləri reallığın nədən ibarət olduğunu bir daha göstərdi. Biz yaxşı bilirik ki, Amerika hüquq mühafizə orqanları polisə müqavimət hallarında çox sərt tədbirlər həyata keçirir. Hətta etirazçılara silahdan atəş də açılır. Videolarda aydın görünür ki, Amerika polisi bir neçə dəfə əlini belindəki silaha ataraq təxribatçılara atəş açmaq istəyir. Amma bunun qarşısını Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları alır. Təxribatçılar sadəcə ərazidən uzaqlaşdırılır”.
Sahil Kərimli onu da əlavə edib ki, xaricdəki ermənipərəst dairələrin son dövrlərdə törətdiyi təxribatlar və iyrənc hərəkətlər Azərbaycan ictimaiyyətində çox ciddi hiddət yaradıb və xalqımız bu yaramaz məxluqları haqlı olaraq lənətləyir.
