...

VƏTƏNDAŞLARA SEÇİCİ VƏSİQƏLƏRİNİN PAYLANMASINDA CİDDİ PROBLEMLƏR AŞKAR OLUNUB

Siyasət Materials 15 Sentyabr 2005 16:22 (UTC +04:00)

Vətəndaşalara seçici vəsiqələrinin paylanması və adlarının seçicilər siyahısına salınmasında ciddi problemlər var.

Trend in məlumatına görə, bu barədə faktları sentyabrın 15-də mətbuat konfransı keçirən hüquq müdafiəçiləri Murad və Rəna Sadəddinovlar açıqlayıblar.

Rəna Sadəddinova bildirib ki, seçki prosesi ilə bağlı monitorinq apararkən əvvəlcə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmaması problemi aşkarlanıb və bu məsələni qabardıblar. İndi isə səsvermə hüququ olan vətəndaşların adlarının seçicilər siyahısına salınmasında çatışmazlıqlar var.

R.Sadəddinova bildirib ki, Nəsimi rayon 22 saylı seçki dairəsinin ərazisində bir gün ərzində 1500 nəfər seçici arasında apardıqları yoxlamalar zamanı 500 nəfərə seçici vəsiqəsinin verilmədiyi aşkar olunub.

Hüquq müdafiəçisi vətəndaşların seçici vəsiqəsi ilə təmin olunması, səsvermədə iştirakı ilə bağlı problemlərin hələ də həll edilməmiş qaldığını deyib.

Murad Sadəddinov bildirib ki, əldə etdikləri faktları şikayət formasında Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Lakin MSK-da bu şikayətin qəbul olunduğuna dair müraciətə dərkənar, möhür vurulmayıb.

M.Sadəddinov onu da diqqətə çatdırıb ki, ölkə üzrə seçicilərin sayı ilə bağlı MSK-nın saytında axtarış sistemi yerləşdirilməyib və bu məlumatların oktyabrdan başlayaraq açıqlanması artıq gec olacaq.

Çünki seçicilər adlarının seçici siyahılarına salınması üçün məhkəmələrə müraciət etməli olacaq və bu da uzun, mürəkkəb prosesə çevriləcək.

Hüquq müdafiəçisi qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi, bütün seçicilərin adlarının vaxtında siyahılara daxil edilməsi və onlara seçici vəsiqələri verilməsi prosesi gecikdirilsə, vətəndaşlar konstitusion hüquqları olan səs verməkdən məhrum olacaqlar.

Xəbər lenti

Xəbər lenti