...

884 NAMİZƏDDƏN YALNIZ 230-U İMTAHAN SUALLARINI UĞURLA CAVABLANDIRIB

Siyasət Materials 19 Sentyabr 2005 15:07 (UTC +04:00)

Sentyabrın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Məhkəmə-Hüquq Şurasının müraciətinə əsasən "Gülüstan" Sarayında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirib. Trend məlumat verir ki, hakim vəzifəsinə namizədlərin qəbulu Hakimlərin Seçki Komitəsi tərəfindən 2005-ci il fevralın 15-dən 2005-ci il iyunun 30-dək aparılıb və 1048 nəfərin namizədliyi qeydə alınıb. Onların 164-ü müxtəlif səbəblərdən imtahanda iştirak etməyib.

İmtahan vahid imtahan zalında keçirilib. İmtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test kitabçalarının çoxaldılması, cavabların təxirə salınmadan yoxlanılması bilavasitə həmin auditoriyada namizədlər qarşısında həyata keçirilib.

Test imtahanının keçirilməsi üçün Hakimlərin Seçki Komitəsi tərəfindən 1000-dən çox sualdan ibarət test bankı hazırlanmışdı. Test bankı yalnız hüquq sahəsini ətahə edir. Test bankının elektron versiyası möhürlənmiş zərfdə Hakimlərin Seçki Komitəsi tərəfindən müşahidəçilərin iştirakı ilə imtahan zalında açılır və kompüterə daxil edilirdi.

Suallar imtahan keçirilən auditoriyada namizədlərin iştirakı ilə aşkar surətdə ümumi suallar toplusundan seçilirdi. Ümumi sual bankından təsadüfi ədədlər əsasında hər biri 100 sualdan ibarət olan 10 varianta qədər suallar seçirilir və hər bir variant təsadüfi seçilmiş namizəd tərəfindən nömrələnirdi.

Təsadüfi seçilmiş namizəd tərəfindən həmin variantlardan biri seçilir və o, dörd - əsas və törəmə variantlarda tərtib edilirdi. Variantlar yerindəcə namizədlərin və müşahidəçilərin gözü qarşısında qısa müddətdə sürətli surətçıxarma qurğuları vasitəsilə namizədlərin sayına uyğun olaraq kitabça şəklində çoxaldılırdı. İmtahanın müddəti 4 saat çəkib və imtahan zamanı fasilə verilməyib.

Tələbə Qəbulu Üzrə Dövlət Komiyyisayının sədri Məleykə Abbaszadə elan edib ki, hər sual bir balla qiymətləndirilir. 60 və daha çox bal toplamış şəxslər imtahanın ikinci fazasına buraxılacaq. Suallara verilən səhv cavablar ümumi nəticəyə təsir etmir.

Cavablar imtahan zalında imtahan başa çatan kimi optik oxuyucu qurğu vasitəsilə kompüter yaddaşına daxil edilir, onların əsasında ballar hesablanır və nəticələr, o cümlədən kodlar üzrə hər bir namizədin cavablarına dair arayışlar namizədlərə və Hakimlərin Seçki Komitəsinə təqdim olunurdu.

İmtahanın sonunda nəticələr elan olunub. Məlum olub ki, 884 namizəddən yalnız 230 nəfəri imtahan suallarını düzgün cavablandırıb və növbəti mərhələyə - müsabiqə mərhələsinə vəsiqə əldə edib.

Xəbər lenti

Xəbər lenti