...

PULSUZ EFİR VAXTININ BİRLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI YENİDƏN MSK-YA VƏ BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT OLUNACAQ

Siyasət Materials 29 Sentyabr 2005 13:34 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası, "Azadlıq" və "Yeni Siyasət" seçki blokları parlament seçkisinin təbliğat kampaniyası dövründə pulsuz efir vaxtının birləşdirilməsi ilə bağlı yenidən Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Bu barədə Trend ə Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan məlumat verib.

O bildirib ki, bu həftə ərzində özü "Azadlıq" və "Yeni Siyasət" blokları ilə danışıqlara başlayacaq. ALP ilə bu iki blokun pulsuz efir vaxtlarının birləşdirilməsi məsələsini yenidən gündəmə gətirmək və MSK-ya müraciət ünvanlamaq üçün razılığa gəlməyə çalışacaqlar.

ALP təklif edir ki, hər partiyaya ayrılan 4 dəqiqəlik efir vaxtı birləşdirilsin, hər partiyaya 12 dəqiqə vaxt ayrılsın. Qeyd edək pulsuz efir imkanı qazanmış partiyalara həftə ərzində çıxışlarla, debatlarla birgə ümumilikdə 54 dəqiqə vaxt ayrılır. ALP-nin təklifinə əsasən, partiyalara həftə ərzində 3 dəfə 12 dəqiqəlik tək çıxışlar üçün vaxt ayrılsın. Partiyaların ümumi vaxtından 1 dəqiqə isə kəsilib debatların vaxtına əlavə olunsun. Həmçinin, təklif edilir ki, çıxışlar həftənin tək günləri AzTV-də, cüt günləri isə İctimai Televiziyada olsun.

Əvəz Temirxan bildirib ki, bu təkliflərdən ibarət müraciətlərini MSK ilə bərabər, beynəlxalq təşkilatlara, ATƏT-in, Avropa Şurasının Azərbaycandakı nümayəndəliklərinə, ATƏT-in müşahidə missiyasına, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə də göndərəcəklər.

Xəbər lenti

Xəbər lenti