...

Etibar Məmmədov: "Seçki prosesində qanunsuzluqlar varsa deyirik, yoxdursa heç kəsə böhtan ata bilmərik"

Siyasət Materials 15 Oktyabr 2005 12:45 (UTC +04:00)
Etibar Məmmədov: "Seçki prosesində qanunsuzluqlar  varsa deyirik, yoxdursa heç kəsə böhtan ata bilmərik"

"Yeni Siyasət" blokunun həmtəsisçisi Etibar Məmmədovun "TREND" Agentliyinə eksklüziv müsahibəsi.

- "Yeni Siyasət" və "Azadlıq" blokları arasında əməkdaşlıq sazişi bağlanması uzun zamandır reallaşmır. Mübahisəli məqam olan bu iki blokun seçkidən sonrakı mübarizə metodları ilə bağlı razılığa gəlməsi baş tutacaqmı?

- Əvvəla, əməkdaşlıqla bağlı deyim ki, əgər hər iki tərəfin istəyi varsa, bu əməkdaşlıq olacaq, əks halda sənəd imzalamağın heç bir əhəmiyyəti yoxdur. İndiyədək o qədər sənəd imzalanıb ki, ona əməl olunmayıb, razılaşmadan bir neçə saat sonra öz imzalarına xilaf çıxıblar. Ona görə də mən saziş imzalanmasını birinci dərəcəli şərt hesab etmirəm. Seçkidən sonrakı mübarizə üsulları ilə bağlı hansı qərarları verməyimiz isə həmin vaxtkı şəraitdən, yaranacaq situasiyadan asılı olacaq.

Biz bəyan etmişik ki, seçki saxtakarlığı ilə, qanunsuzluqla barışmaq fikrimiz yoxdur, əgər seçki qanunsuzla keçiriləcəksə, xalqı dinc müqavimətə hazırlayacağıq. Ancaq bu müqaviməti necə həyata keçirməyimiz bizim öz sərbəstliyimiz daxilində olacaq. "Azadlıq" bloku da bu fikirlərini bəyan edir. Sadəcə, onlar öz hüquqları uğrunda hansısa tədbirlərə əl atırlar. Biz də saxtakarlığa qarşı mübarizə aparacağıq.

- İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, Lalə Şövkət bu seçkidə birləşdilər, sizin onlarla bir yerdə olmamağınız nə ilə bağlıdır?

- "Azadlıq" bloku ilə Lalə Şövkət arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Biz də seçkilərin demokratik, ədalətli keçirilməsi və qanunsuzluqlarla mübarizə istiqamətində bütün mövcud siyasi təşkilatlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmişik. Bir yerdə olmağa gəldikdə isə, hesab edirəm ki, kimsə kiminləsə hökmən birləşməyə, bir blokda təmsil olunmağa borclu deyil. "Azadlıq" blokundakı üç partiya lap əvvəldən qərara aldılar ki, birləşsinlər və birdən-birə bu qərarlarını elan etdilər. Bunu elan etməmişdən əvvəl nəsə başqa fikirləri olsaydı bildirərdilər. Ancaq üç partiyanın birlikdə blok yaratdığını açıqladı və hətta özlərinin əvvəlki müttəfiqlərindən də imtina etdilər. Bir yerdə olmaları onların öz seçimləridir.

- Sizin onlarla müttəfiq olmağınızı əngəlləyən səbəb siyasi kurslarınızda, mövqelərinizdəki fərqlərdir?

- Bizim siyasi kurslarımızda, baxışlarımızda əlbəttə ki, fərqlər var. Ona görə də biz müttəfiq deyilik, ayrı-ayrı bloklarda təmsil olunuruq. Birləşmək üçün bizim qarşımızda elə bir öhdəliyimiz də yoxdur. Əgər onlarla bir yerdə olmamağıma irad tutulursa, bu iradı mənə yox onlara bildirmək lazımdır.

- Rəsul Quliyevin Azərbaycana qayıdışı sizin fikrinizcə, ölkədə nəyi dəyişəcək?

- Bunu bilmək üçün biz Rəsul Quliyevin qayıtmasını gözləyirik. Onunla bağlı nə hadisələr baş verəcəksə, yalnız gəlişindən sonra olacaq. Ümumilikdə, Rəsul Quliyevin qayıdışı siyasi mühitə təsir göstərə, situasiyanı dəyişdirə bilər. Amma bundan əvvəl gəlməsi lazımdır.

- Razılaşdırılmamış aksiyaların keçirilməsini necə qiymətləndirirsiniz?

- Biz qarşıdurmanın əleyhinəyik. Hesab edirik ki, qanunları pozaraq insanların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırmaq olmaz. Bakı Şəhər İcra Hakimiyyətinə də elə bir səlahiyyət verilməyib ki, yalnız bir marşrut üzrə aksiyaya razılıq versin. Belə aksiyalarda qarşıdurmaların olmasının da əleyhinəyik. Baş verən xoşagəlməz hallara görə məsuliyyət hakimiyyət orqanlarının üzərinə düşür. Çünki vətəndaşların sərbəst toplaşmaq hüququ var və bu, təmin olunmalıdır.

- Bəs elədirsə, sizin blok nə üçün bu tipli aksiyalar keçirmir?

- Biz belə aksiyalar keçirməyi lazım bilmədik. Çünki biz seçki prosesində birbaşa seçicilərlə işləməyə daha çox üstünlük veririk.

- Müxalifət düşərgəsi, konkret olaraq siz özünüz seçkidə mandat qazanmasanız, seçkinin nəticələrini qəbul edəcəksinizmi?

- Söhbət mandat qazanmaqdan getməməlidir. Bu gün seçkinin saxtakalaşdırılması istiqamətində bəzi işlər gedir. Seçkinin nəticələrinin tanınıb-tanınmaması bu saxtakarlıqların miqyasından asılı olacaq. Yəni, əsas məsələ bu qanunsuzluqların seçkinin nəticələrinə nə dərəcədə təsir göstərəcəyidir. İcra orqanlarının seçkiyə müdaxiləsi, dövlət vəzifəsində çalışan şəxslərin seçki prosesinə cəlb olunması, seçkidə dövlətin resurslarından istifadə olunması ciddi qanun pozuntularıdır və seçkinin nəticələrinə təsir göstərir. Həmçinin seçki komissiyalarının əvvəlki qanunsuz ənənələri bu dəfə də həyata keçirəcəyindən, yaxud bundam imtina edəcəyindən çox şey asılıdr. Buna uyğun olaraq da biz seçkilərin nəticələri ilə bağlı münasibətimizi bildirəcəyik. Tanıyıb-tanımamağımız qanunsuzluqların ümumi nəticələrə nə dərəcədə təsir göstərməsindən asılı olacaq.

- Prezident başda olmaqla bütün hakimiyyət nümayəndələri bəyan edirlər ki, seçkinin demokratik keçirilməsi hamıdan çox iqtidarın marağındadır, müxalifət isə təkidlə bunun əksini iddia edir. Müxalifətin seçkidə saxtakarlıqlar olacağını xəbərdarlıq etməsini nə ilə əlaqələndirərsiniz?

- Mən seçkinin saxtakarlıqla keçiriləcəyini əvvəldən bəyan etməyin tərəfdarı deyiləm, çünki bu, seçiciləri ruhdan salar. Belə bəyanatlar vermək o deməkdir ki, namizəd seçiciləri səs verməməyə çağırır. Əgər mən seçicini əvvəldən saxtakarlıq olacağına inandırıramsa, onun seçkiyə heç bir inamı qalmaz və mənə inanan, dəstəkləyən insanların da səsini itirərəm. Ona görə də mən bir namizəd kimi belə bəyanatlar verə bilmərəm. Amma bu ehtimalı nəzərə alıb seçiciləri daha çox fəallığa, tərəfdarlarımızı isə saxtakarlığın qarşısını birgə almağa çağırmalıyıq. Amma əgər hakimiyyət seçkidə zorakılığa əl atsa, bu seçkinin nəticələri heç bir halda tanına bilməz.

- Qanunsuzluq faktlarını həddən çox qabartması belə təəssürat da yaradır ki, müxalifət seçkinin nəticələrinə indidən kölgə salmağa çalışır.

- Şəxsən mən əvvəldən də bəyan etmişəm ki, bu seçkinin əvvəlkilərdən bir üstün cəhəti oldu. Bu da odur ki, namizədlərin qeydə alınması mərhələsində problem yaradılmadı. Mən bu müsbət məqamı qeyd edirəm və bu, normal qəbul olunmalıdır. Həmçinin icra strukturlarının seçici siyahıları ilə monipulyasiyalar etdiyini də deyirəm. Əgər mən qərəzliyəmsə, onda müsbət məqamı niyə göstərirəm? Qərəzli olub namizədlərin qeydə alınma prosesinin də qanunsuz şəraitdə keçdiyini iddia edərdim. Amma mən deyirəm ki, bu mərhələni normal keçiriblər. Lakin seçicilərin siyahıya alınmasında bu faktları aşkarladıq ki, bizim tərəfdarlarımızın adlarını siyahıdan çıxarırlar. Biz sonradan onları bərpa etdiririk, amma yenə də çıxarırlar. Həmçinin məlumatlar alırıq ki, icra orqanlarında çalışan adamlar seçki prosesində iştirak edirlər. Seçki prosesində qanunsuzluqlar varsa onu qeyd edirik, yoxdursa, mən heç kəsə böhtan ata bilmərəm.

- Amma hakimiyyət müxalifəti hər şeyi ancaq qara rəngdə görməkdə ittiham edir.

- Əlbəttə ki, hər şeyi qara rəngdə görmək olmaz. Müxalifət özü də bütövlükdə tam qara və ağ deyil. Yəni, müxalifət özü də müxtəlif rənglərdədir. Həmçinin hakimiyyətdə də elə adamlar var ki, müxalifəti başdan-ayağa qara rəngdə görür. Elə iqtidar özü müxalifəti bütünlükdə qaralamaq istəyir. Bu, düzgün mövqe deyil.

- Bəs siz özünüz hansı mövqedəsiniz?

- Mən hesab edirəm ki, hakimiyyətdə bu seçkinin düzgün, demokratik keçməsinin vacibliyinə inanan insanlar var. Ancaq onlar çoxluqda deyillər. Belə insanlar başa düşürlər ki, Azərbaycanın inkişafı, güclənməsi üçün demokratik seçki keçirilməlidir. Ancaq hakimiyyətdəki mühafizəkarlar isə hesab edirlər ki, əgər kiçik bir güzəştə getsələr, silib-süpürülüb bir kənara atılacaqlar. Elə düz edib belə fikirləşirlər, çünki artıq mühafizəkarlara yer yoxdur. Buna görə də mühafizəkar düşüncəli şəxslər ciddi müqavimət təşkil edirlər, köhnə qayda ilə seçki keçirmək istəyirlər. Fikirləşirlər ki, hətta müxalifət adı ilə parlamentdə seçilənlər də ancaq onlara uyğun olan adamlar olmalıdır. Bu mənada mən hakimiyyətin də birrəngli olduğunu düşünmürəm.

- Xarici müşahidəçilərin fikrincə, deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayının çox olması seçkinin demokratik keçəcəyini göstərir. Sizcə, namizədlərin çoxluğu seçkinin demokratikliyinə təminat verirmi?

- Namizədlərin sayının çoxluğu seçkinin şəffaf, demokratik keçəcəyinə təminat verə bilməz. Seçkinin demokratikliyi ancaq şəffaflıq şəraitində təmin oluna bilər. Hələlik seçki komissiyalarının indiki tərkibi seçkilərin demokratikliyinə imkan vermir. Komissiyalar bir siyasi partiyanın nəzarəti altındadır və onun əleyhinə qərarların qəbulunun qarşısını alırlar. Bundan başqa seçki günü barmaqlara mürəkkəb vurulması çox vacib məsələdir. Müxalifət də, beynəlxalq təşkilatlar da bunu tələb edir. Amma hakimiyyətətin bununla razılaşmaması şübhələr yaradır ki, iqtidar seçkinin düzgün keçməsində maraqlı deyil.

- Sizin fikrinizcə, bir seçki dairəsində müxalifətin bir neçə namizədinin olması müxalifətin ziyanına, hakimiyyətin isə xeyrinə deyilmi?

- Əgər həmin müxalifət namizədlərinin elektoratı eynidirsə, bəli, rəqib olmaları müxalifətin ziyanınadır. Lakin elektoratları fərqlidirsə, bir dairədə bir neçə namizədin mübarizə aparması onlara ziyan vurmur. Həm də bu seçkidə ikinci tur yoxdur. Kim çox səs toplayırsa, o da qalib gəlir. Ümumi seçiciləri olan müxalifətin rəqib namizədləri gərək biri digərinin xeyrinə namizədliyini geri götürsün. Amma heç kəsi buna məcbur etmək olmaz.

Xəbər lenti

Xəbər lenti