...

MSK sədri beynəlxalq təşkilatları Xankəndi dairəsi ilə bağlı laqeydlik göstərməkdə günahlandırıb

Siyasət Materials 18 Oktyabr 2005 14:57 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisində Xankəndi seçki dairəsində erməni mənşəli vətəndaşların da iştirakı ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə oktyabrın 18-də kütləvi informasiya vasitələrinə MSK sədri Məzahir Pənahov məlumat verib. O, bildirib ki, MSK üzvləri sədrin qarşısında bu məsələni yenidən qaldıraraq beynəlxalq qurumlara bir daha müraciət olunmasını təklif edirlər.

"Erməni mənşəli Azərbaycan vətəndaşlarının seçkidə iştirakının təmin olunmasına köməklik göstərilməsi ilə bağlı biz artıq bir dəfə beynəlxalq təşkilatlara müraciət etmişik. Ümumiyyətlə, beynəlxalq təşkilatlar Xankəndi dairəsinin fəaliyyətinin bərpa olunmasını, erməni vətəndaşlara seçkidə iştirak etmələri üçün çağırışlar etməyimizi müsbət qiymətləndirib, alqışlayıblar. Lakin bu qurumlar bizim müraciətimizə istədiyimiz şəkildə cavab verməyiblər. Ola bilər ki, bu məsələdə köməklik göstərmək onların səlahiyyətləri çərçivəsində deyil, amma buna baxmayaraq, mən hesab edirəm ki, beynəlxalq qurumların müraciətimizə daha ciddi və aydın şəkildə reaksiya verə bilərdi"-deyə M.Pənahov bildirib.

MSK sədrinin sözlərinə görə, demokratik prinsipləri, insanların konstitusion hüquqlarının təsbit olunmasını dəstəkləmək, onun həyata keçməsinə köməklik göstərmək xüsusi bir səlahiyyət tələb etmir və bu, hamının borcudur. Buna görə də beynəlxalq təşkilatlar ən azı artıq dünyada qəbul olunmuş demokratik, sivil beynəlxalq normalar baxımından Xankəndi dairəsi üzrə keçirilən seçkiyə ciddi münasibət bildirməlidir.

Xəbər lenti

Xəbər lenti